AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV PARİSƏ GƏLMİŞDİR
Parisin beynəlxalq Orli hava limanı Azərbaycanın və Fransanın dövlət bayraqları ilə bəzədilmiş, dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi təyyarənin pilləkənləri yanında Fransa hökumətinin yüksək vəzifəli şəxsləri, Fransanın Bakıdakı səfiri Şantal Puare, Azərbaycanın Parisdəki səfiri Eleonora Hüseynova və digər rəsmi şəxslər böyük mehribanlıqla və səmimiyyətlə qarşıladılar.
Hərbi orkestrin ifasında Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan dövlətinin başçısına raport verdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsini salamladı.
Dövlətimizin başçısı İlham Əliyevə onu qarşılamağa gələn Fransa hökumətinin nümayəndələri təqdim olundu.
Prezident İlham Əliyev ölkəmizin Parisdəki səfirliyinin əməkdaşları, burada yaşayan və təhsil alan azərbaycanlı soydaşlarımız və tələbələrlə səmimi görüşdü.
Respublikamızın rəhbərinə və onun həyat yoldaşı Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim edildi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə Parisdə onun üçün ayrılmış iqamətgaha yola düşdü.