AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İKT-NİN BAŞ KATİBİ EKMƏLƏDDİN İHSANOĞLU İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Məkkə şəhərində, İslam Konfransı Təşkilatının üçüncü fövqəladə zirvə toplantısı çərçivəsində İKT-nin baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür.
Ekmələddin İhsanoğlu İslam Konfransı Təşkilatının fəaliyyətinin gələcək perspektivi məsələsinə toxunaraq, bu qurumun sosial və iqtisadi proqramlara daha çox cəlb olunmasının əhəmiyyətini vurğuladı. Təşkilatın üzvü olan ölkələr arasında iqtisadi və ticarət əlaqələrinin genişlənməsi üçün konkret işlər görüldüyünü söyləyən E.İhsanoğlu bildirdi ki, biz İKT dövlətləri xarici işlər nazirlərinin Bakıda keçiriləcək konfransına böyük əhəmiyyət veririk.
Azərbaycan Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatı çərçivəsində gələcəkdə həyata keçiriləcək layihələrin praktiki nəticələrinin vacibliyini vurğuladı. Azərbaycanın bu təşkilatla əməkdaşlığının daim genişlənməsindən məmnunluğunu söyləyən Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin xarici işlər nazirlərinin Bakıda keçiriləcək konfransı ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirdi.
Söhbət zamanı Azərbaycan ilə İslam Konfransı Təşkilatı arasında əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi edildi.