AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İRAN PREZİDENTİ MAHMUD ƏHMƏDİNEJAD İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Məkkə şəhərində, İKT-nin üçüncü fövqəladə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad ilə görüşmüşdür.
Prezident İlham Əliyev İranda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verdi. Dövlətimizin başçısı dedi ki, ölkələrimiz arasında əlaqələr müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, energetika sahəsində uğurla inkişaf edir və bu, regionda əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edir. Yaxın vaxtlarda ölkələrimiz arasında qaz mübadiləsi əsasında İrandan Naxçıvana mavi yanacaq verilməsinə başlanması əlaqələrimizin uğurla inkişafının yaxşı nümunəsi olacaqdır. Dövlətimizin başçısı İran Prezidentini bu münasibətlə keçiriləcək tədbirdə iştirak etməyə dəvət etdi.
Prezident Mahmud Əhmədinejad başsağlığına görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirdi, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluğunu söylədi. O, Azərbaycan və İran xalqları arasında ümumi tarixi dəyərlərə əsaslanan əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini vurğuladı. İran Prezidenti Naxçıvana təbii qaz verilməsinə başlanması ilə əlaqədar mərasimdə iştiraka dair dəvəti minnətdarlıqla qəbul etdiyini bildirdi, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevi İrana rəsmi səfərə dəvət etdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi oldu.