AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MİSİRİN MENA AGENTLİYİNƏ MÜSAHİBƏSİ
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də, Qahirədə onun üçün ayrılmış iqamətgahda - “Qübbə sarayı”nda Misirin Yaxın Şərq Xəbərlər Agentliyinin (MENA) idarə heyətinin sədri və baş redaktoru Abdulla Həsənə müsahibə vermişdir.
-Zati-aliləri cənab Prezident, öncə Sizi salamlayıram. Azərbaycanla Misir arasında bütün sahələrdə əməkdaşlığın perspektivləri haqqında Sizin fikrinizi bilmək istərdik.
-Bu səfər çərçivəsində imzalanmış sənədlər bizim münasibətlərimizin gələcək perspektivlərini müəyyən edir. Dünən və bu gün keçirdiyim görüşlər - Prezident, Baş nazir, parlamentin sədri ilə və digər görüşlər bir daha onu göstərdi ki, bizim aramızda çox səmimi dostluq münasibətləri var və bu səfərdən sonra münasibətlərimiz daha da inkişaf edəcəkdir. Siyasi və iqtisadi əlaqələr, humanitar sahədə əlaqələr bizi qane edir və əminəm ki, gələcək əməkdaşlıq iki xalqı bir-birinə daha da yaxınlaşdıracaqdır.
-İmzalanan sənədlərdən biri də Azərbaycan ilə Misir arasında neft və qaz sahəsində əməkdaşlığa aid idi. Misirlə Azərbaycan arasında bu sahədə əlaqələrin qurulması və əməkdaşlıq yəqin ki, Misir üçün də çox həyati əhəmiyyət kəsb edir.
-Bu sahədə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Hər iki ölkə neft-qaz hasil və ixrac edən ölkələrdir. Gələn il Azərbaycandan dünya bazarlarına ildə 50 milyon ton xam neft ixrac olunacaqdır. Eyni zamanda, Azərbaycanda çox böyük, nəhəng qaz yataqları vardır ki, onların da istismarına artıq başlanmışdır. Ona görə yenə deyirəm, bu sahədə həm Misir, həm də Azərbaycan dünya enerji bazarının tənzimlənməsi üçün, təmin edilməsi üçün dünya miqyasında mühüm rol oynayırlar. Təbii ki, imzalanmış sənədlərin arasında bu sahəyə aid olanı da var. Bu sənədin icra olunması nəticəsində çox güclü əməkdaşlıq yarana bilər.
-Zati-alilərinizin dünən cənab Prezident Hüsni Mübarəklə olan görüşü barədə fikirlərini bizimlə bölüşməsini istərdik.
-Görüş çox səmimi keçdi. İki ölkə arasında mövcud olan dostluq, qardaşlıq münasibətləri bir daha öz təsdiqini tapdı. Əlbəttə, görüşün böyük hissəsi ikitərəfli münasibətlərin inkişafına və təhlilinə həsr edilmişdi. Eyni zamanda, regional məsələlər, Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı məsələləri müzakirə olundu. Onu da demək istəyirəm ki, həmin məsələlər bu gün Ərəb Dövlətləri Cəmiyyətindəki görüşdə də geniş şəkildə müzakirə olunmuşdur.
Əlbəttə, biz cənab Prezidentlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə də bağlı fikir mübadiləsi apardıq. Misir və Azərbaycan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Misir dövləti bu məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını bəyan etmişdir. Bir sözlə, mən bu görüşün nəticələrindən çox məmnunam. Öz növbəmdə, cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim. Görüşdə gələcək əməkdaşlığımızın perspektivləri də müzakirə olundu.
-Ərəb dünyasını narahat edən və maraqlandıran ən əsas məsələlərdən biri Fələstin problemi, İsrail-ərəb münaqişəsidir. Bu barədə Sizin rəyinizi bilmək istərdik. Bu, bir növ siyasi sualdır.
-Bu məsələ ilə bağlı Azərbaycan dəfələrlə öz mövqeyini açıq, birmənalı şəkildə bildirmişdir. Həm İslam Konfransı Təşkilatı çərçivəsində, eyni zamanda, başqa formatda da birmənalı mövqeyimiz bəllidir. Fələstin-İsrail münaqişəsi tezliklə öz həllini tapmalıdır. Müstəqil Fələstin dövləti yaradılmalıdır və Fələstin xalqı, uzun illər böyük əziyyətlər çəkən xalq müstəqilliyə qovuşmalıdır. Bu mövqeyi biz təkcə İslam Konfransı Təşkilatı çərçivəsində deyil, eyni zamanda, digər beynəlxalq təşkilatlarda məsələ müzakirə olunanda da müdafiə edirik. Bu məsələ öz həllini taparsa, bütün Yaxın Şərqdə vəziyyət sabitliyə doğru sürətlə yaxşılaşacaqdır.
-Zati-aliləri, mən İraq məsələsinə toxunmaq istəyirəm. Bilirsiniz ki, İraqda hazırda əcnəbi qüvvələr var, qan tökülür. Bu məsələyə Sizin münasibətiniz necədir?
-Biz İraqın ərazi bütövlüyünü dəstəkləyirik. Əminik ki, İraq xalqı ölkəsinin ərazi bütövlüyünü saxlayacaq və möhkəmləndirəcəkdir. İraqda mövcud olan daxili çəkişmələr bizi çox narahat edir. Əlbəttə ki, İraqın vahid dövlət kimi fəaliyyətini davam etdirməsi həm İraq xalqı üçün lazımdır, həm də bütün bölgə üçün lazımdır.
O ki qaldı İraqda yerləşən xarici qüvvələrə, əlbəttə ki, onlar gec-tez İraqı tərk etməlidirlər. Əsas məsələ bundadır ki, onlar nə vaxt İraqdan çıxmalıdır. Mən hesab edirəm ki, əgər onlar İraqdan bu gün çıxarılarsa, orada vəziyyət daha da gərginləşə bilər. Eyni zamanda, onlar orada uzun müddət qala bilməzlər. Yəni bütün səylər ona yönəldilməlidir ki, İraqda güclü idarəçilik sistemi yaradılsın. İraqın dövlət hakimiyyəti bütün ölkəni əhatə etsin. Müharibə zamanı müəyyən dərəcədə pozulmuş dövlət idarəçilik sistemi bərpa olunsun, milli ordu və polis qüvvələri İraqda asayişi qoruya bilsinlər. Ondan sonra xarici silahlı qüvvələr İraqdan çıxmalıdır. Bizim bu məsələyə baxışlarımız bundan ibarətdir.
-Zati-aliləri, İranın nüvə proqramı ilə bağlı Sizin fikrinizi bilmək istərdik. Çünki bilirsiniz ki, İran uranın zənginləşdirilməsi işini davam etdirir. Amerika Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən İrana bir növ zərbə endirilməsi qorxusu var.
-Azərbaycan dövləti bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə bildirmişdir və bu mövqe hər kəsə bəllidir. Biz hesab edirik ki, bu məsələ və bu mübahisələr yalnız və yalnız danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır. Əlavə gərginliyə gətirib çıxara biləcək hər hansı addımlar atılmamalıdır. Hər bir ölkə kimi, İran da öz nüvə texnologiyalarını beynəlxalq qaydalar çərçivəsində inkişaf etdirə bilər. Bu məsələ ilə bilavasitə məşğul olan Beynəlxalq Atom Enerjisi Agentliyi fəaliyyət göstərir, o təşkilatın qaydalarına uyğun olan şəkildə inkişaf etdirə bilər.
Onu da bilirik ki, İranın nüvə proqramı bəzi ölkələri çox narahat edir. Bu da nəzərə alınmalıdır. Bütün bu məsələləri həll etmək üçün mütləq çox açıq, geniş, bütün maraqlı tərəflərin iştirakı ilə dialoq aparılması zəruridir. İran bizim üçün dost ölkədir. Bizim böyük sərhədimiz var. İstəyirik ki, İran xalqı sülh, təhlükəsizlik şəraitində yaşasın.
ABDULLA HƏSƏN: Cənab Prezident, çox sağ olun. Çox ətraflı cavablarınıza görə Sizə bir daha təşəkkür edirəm.