AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANININAÇILIŞ MƏRASİMİ
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Hava limanı binasının üzərindən Azərbaycanın dövlət bayrağı, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin böyük portretləri, dövlətimizin başçısını salamlayan şüarlar yazılmış transparantlar asılmışdı.
Muxtar respublikanın mərasimə toplaşan on minlərlə sakini Prezident İlham Əliyevi hərarətli alqışlarla qarşıladılar. Onların əllərində ümummilli lider, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin portretləri, bu dahi şəxsiyyətin söylədiyi müdrik kəlamlar yazılmış şüarlar və Prezident İlham Əliyevin şəkilləri var idi.
Ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi, tapşırığı sayəsində Türkiyənin “Eren port” şirkəti tərəfindən yüksək səviyyədə, beynəlxalq standartlara uyğun tikilmiş, muxtar respublikanın iqtisadi və sosial həyatında önəmli rol oynayacaq Naxçıvan beynəlxalq hava limanında eni 45, uzunluğu 3300 metr olan uçuş-enmə zolağı monolit betonla yenidən qurulmuş, müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Mütəxəssislərin fikrincə, belə tikinti işləri MDB məkanında ilk dəfə burada tətbiq edilmişdir. Aerovağzal binası saatda 300 sərnişinə xidmət göstərməyə imkan verəcəkdir. Hava limanında uçuşları idarəetmə məntəqəsi, sahəsi 2 min kvadratmetr olan yük terminalı, hərəsi 400 tonluq iki yanacaq anbarı, iki istilik mərkəzi tikilmiş, transformatorlar, dizel generatorları quraşdırılmışdır. Aerovağzal binasının ikinci mərtəbəsi inzibati otaqlardan ibarətdir.
Hava limanının təntənəli açılışına həsr olunmuş mərasimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açdı.