AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA QARŞIDAKI DÖVLƏT SƏFƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Daşkənddə rus dilində çıxan “Pravda Vostoka” qəzeti yazır: - Özbəkistan və Azərbaycan xalqlarının tarixində və mədəniyyətində ümumi cəhətlər çoxdur. Dövlətlərimiz müstəqillik əldə etdikdən sonra diplomatik münasibətlər yaranmış, hər iki ölkənin siyasi maraqlarında da ümumi cəhətlər meydana çıxmışdır. 1996-cı ilin may ayında Özbəkistan Prezidenti İslam Kərimovun Bakıya, 1997-ci ilin uyun ayında Azərbaycan Prezidenti Heydər Əliyevin Daşkəndə rəsmi səfərləri, danışıqların yekunu olaraq imzalanan sənədlər əməkdaşlığın möhkəm təməlini qoymuşdur.
Özbək dilində çap olunan “Xalq süzi” qəzeti vurğulayır ki, həm Özbəkistan, həm də Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutmağa, demokratik prinsiplərə əsaslanan cəmiyyət qurmağa, regional təhlükəsizliyə nail olmağa çalışır, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına eyni dərəcədə maraq göstərir. Bakı və Daşkənd beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Bir çox beynəlxalq və regional problemlərdə onların mövqeyi üst-üstə düşür.
“Delovoy partnyor Uzbekistana” qəzeti ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın güclənməsində birgə hökumətlərarası komissiyanın rolunu vurğulayır.
“Taşkentskaya pravda” qəzeti mədəniyyət, elm, təhsil sahəsində əlaqələrin genişlənməsindən bəhs edərək bildirir ki, bu günlərdə Nizami Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin qarşısında dahi Azərbaycan şairi və mütəfəkkirinin abidəsinin açılışı olacaqdır. “Novosti Uzbekistana” qəzetinin 20 mart tarixli nömrəsində dərc olunmuş “Özbəkistan-Azərbaycan: əməkdaşlıq möhkəmlənir” sərlövhəli geniş məqalədə deyilir: “Müstəqillik illərində Azərbaycanda həyatın bütün sahələrində mühüm dəyişikliklər baş vermişdir. Ölkə beynəlxalq aləmdə daha çox tanınmağa başlayır. Görkəmli siyasi lider Heydər Əliyevin oğlu İlham Əliyevin dövlət başçısı seçilməsi respublikanın həyatında mühüm hadisəyə çevrilmişdir. O, böyük siyasətçi və dövlət xadimi Heydər Əliyevin işini inamla davam etdirir. Özbəkistan-Azərbaycan əlaqələri getdikcə möhkəmlənir. Bu günlərdə İlham Əliyevin Özbəkistana səfəri gözlənilir və bu səfər zamanı ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi və dərinləşməsi məsələləri müzakirə olunacaqdır. Səfər müddətində Azərbaycan səfirliyinin yeni binasının, Azərbaycan Mədəniyyət Mərkəzinin, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin və görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin abidələrinin açılışı olacaqdır”. Qəzetdə Azərbaycanın Özbəkistandakı səfiri Aydın Əzimbəyovla müsahibə də verilmişdir. Səfir son on ildə Azərbaycanda aparılan hərtərəfli islahatlardan və onların müsbət nəticələrindən, ölkəyə xarici sərmayə axınından, xalqının rifahının yaxşılaşmasından bəhs edir və bütün bu uğurların əldə edilməsində ümummilli liderimiz Heydər Əliyevin xüsusi xidmətlərini vurğulayır.Müsahibədə Böyük İpək yolunun dirçəlməsində, Şərq-Qərb enerji dəhlizi layihəsinin gerçəkləşməsində Azərbaycanın rolundan, bu sahədə əməkdaşlığın Xəzər regionu və Orta Asiya dövlətləri üçün əməkdaşlığından da söhbət açılır. Prezident İlham Əliyevin Özbəkistana səfərinin ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirəcəyi, Özbəkistan və Azərbaycan xalqları arasında dostluq əlaqələrini daha da dərinləşdirəcəyi bildirilir.