AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏF İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Məkkə şəhərində, İslam Konfransı Təşkilatının üçüncü fövqəladə zirvə toplantısı çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəf ilə görüşmüşdür.
Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişlənməsindən, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişafından məmnunluq ifadə edildi. Dövlət başçıları Azərbaycan ilə Pakistan arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini vurğuladılar, beynəlxalq təşkilatlar, o cümlədən İKT çərçivəsində əməkdaşlığın daim inkişafından razı qaldıqlarını bildirdilər.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanda baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılması ilə bağlı gedən işlərlə maraqlandı.
Pakistan Prezidenti Pərviz Müşərrəf bu sahədə Azərbaycan hökumətinin göstərdiyi yardıma görə minnətdarlığını bildirdi. Prezident Pərviz Müşərrəf Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi ilə də maraqlandı.
Dövlətimizin başçısı İlham Əliyev problemin sülh yolu həlli ilə bağlı gedən danışıqlar prosesi barədə məlumat verdi.
Pakistanın dövlət başçısı münaqişənin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli məsələsində ölkəsinin mövqeyini bir daha vurğuladı.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.