AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏUDİYYƏ ƏRƏBİSTANINA SƏFƏRİ
Xəbər verdiyimiz kimi, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının üçüncü fövqəladə zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da İslam dünyasının ən müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olmuşdur.
Prezident İlham Əliyev və onu müşayiət edən şəxslər əvvəlcə Əl-Həram məscidinə gəldilər.
Ziyarətgahın rəhbərləri dövlətimizin başçısını ehtiramla qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və onu müşayiət edən şəxslər Kəəbənin ətrafına dolandılar, müqəddəs qara daşı öpdülər və məsciddə namaz qıldılar. Sonra Səfa və Mərvə təpələrinin arasındakı bir kilometrlik məsafəni yeddi dəfə qət etdilər.