AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN TÜRKİYƏNİN BAŞ NAZİRİ RƏCƏB TAYYİB ƏRDOĞAN İLƏ GÖRÜŞÜ
Azərbaycan rəhbərini böyük hörmət və ehtiramla salamlayan cənab Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yenidən görməyindən və onun NATO-nun zirvə toplantısında iştirakından məmnunluğunu ifadə etdi. Baş nazir Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi sahəsində son illər ərzində görülən işlərdən danışdı, eləcə də NATO çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində önəmli fikir mübadiləsi aparıldığını da diqqətə çatdırdı.
Prezident İlham Əliyev NATO-nun zirvə görüşündə iştirak etməsini yüksək qiymətləndirdi və bu dəvətə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı bir çox beynəlxalq layihələrin həyata keçirilməsində ölkələrimizin əməkdaşlığına toxunuldu, ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin gedişi ilə bağlı heç bir narahatlıq olmadığı və onun vaxtında başa çatdırılacağı vurğulandı.
Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının yüksək səviyyəsini qeyd etdi. O, Baş nazirə bir daha təşəkkür edərək dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında Türkiyə əlindən gələni əsirgəmir və Azərbaycan bunu həmişə yüksək qiymətləndirir.
Görüşdə regional, beynəlxalq problemlər və ölkələrimizi maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi edildi.