RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ÇEXİYA PREZİDENTİ VATSLAV KLAUSUN GÖRÜŞÜ
Praqa, 6 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Praqada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Çexiya Respublikasının Prezidenti Vatslav Klaus ilə görüşmüşdür.
Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çexiya Prezidenti Vatslav Klaus Azərbaycan Prezidenti İlham Əliyevi səmimiyyətlə qarşıladı.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Ölkələrimizin siyasi əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan Çexiya Prezidenti, bu görüşün ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivi barədə fikir mübadiləsi aparılmasına yaxşı imkanlar yaratdığını qeyd etdi.
Çexiyanın dövlət başçısı Azərbaycanda və regionda gedən siyasi, iqtisadi proseslərin ölkəsində yaxından izlənildiyini dedi.
Çexiyanın Azərbaycanda səfirliyini açmağı planlaşdırdığını diqqətə çatdıran Vatslav Klaus bildirdi ki, bu, əlaqələrin genişləndirilməsinə kömək edəcəkdir.
Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin son illərdə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlətimizin başçısı ölkəmizdə gedən iqtisadi inkişaf prosesi haqqında danışdı.
Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin uğurla inkişaf etdiyini və genişləndiyini bildirdi, respublikamızın Avropanın enerji təhlükəsizliyində yaxından iştirak etdiyini vurğuladı.
Ermənistanın Azərbaycana davam edən təcavüzü barədə ətraflı məlumat verən Prezident İlham Əliyev bunun regionda sülhə və sabitliyə ciddi maneə olduğunu dedi.
Dövlət başçıları ölkələrimiz arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etdilər.
######