AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ LİTVA PREZİDENTİ VALDAS ADAMKUSUN GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Valdas Adamkusun görüşü olmuşdur.
Litva Prezidenti ona və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq etdi və ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirdi. O, beynəlxalq iqtisadi əməkdaşlıq baxımından Bakıda təşkil olunan enerji sammitinin əhəmiyyətinə toxunaraq, bunu çoxtərəfli əlaqələrin yaxşı nümunəsi kimi qiymətləndirdi.
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzundan söhbət açan Litva Prezidenti ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji layihələrinin önəmini vurğuladı. Litva rəhbəri Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın faydalı olacağına da əminliyini söylədi.
Prezident İlham Əliyev Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə dinamik şəkildə genişləndiyini məmnunluqla qeyd etdi, əlaqələrimizin Azərbaycan-Avropa İttifaqı çərçivəsində də önəmli olduğunu bildirdi.
Prezidentlər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardılar.
######
