AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN TƏKBƏTƏK GÖRÜŞÜ
Azərbaycan Prezidentini səmimiyyətlə qarşılayan Türkiyə Prezidenti dövlətimizin başçısının NATO-nun zirvə görüşündə iştirak etməsindən məmnunluğunu söylədi və belə görüşlərin əhəmiyyətli olduğunu xüsusi vurğuladı. Cənab Əhməd Necdət Sezər Azərbaycan-Türkiyə münasibətlərinin günbəgün genişləndiyini, iqtisadi-siyasi sahədə əlaqələrin hər iki ölkənin maraqlarına uyğun şəkildə inkişaf etdiyini bildirdi. Türkiyə Prezidenti Şimali Kipr məsələsi ilə bağlı öz fikirlərini də söylədi.
Prezident İlham Əliyev səmimi görüş üçün təşəkkür edərək, NATO-nun zirvə görüşü çərçivəsində İstanbulda olmaqdan böyük şərəf duyduğunu bildirdi, tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından söhbət açdı, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisində işlərin nəzərdə tutulduğu şəkildə getdiyini vurğulayaraq dedi ki, bu layihənin vaxtında başa çatdırılması hər iki tərəfə böyük fayda gətirəcəkdir.
Söhbət zamanı ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan neft strategiyasının həyata keçirilməsindəki uğurlar, Türkiyə-Azərbaycan münasibətlərinin indiki səviyyəyə çatmasında xalqımızın dahi oğlunun xidmətləri xüsusi vurğulandı.
Tərəflər hər iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlərə, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair fikir mübadiləsi apardılar. Prezident Əhməd Necdət Sezər Türkiyənin bu münaqişədə Azərbaycanın mövqeyini daim dəstəkləyəcəyini bildirdi.