AZƏRBAYCAN PREZİDENTİ NAMƏLUM ƏSGƏR ABİDƏSİNİN ÖNÜNƏ ƏKLİL QOYMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərinin ikinci günü, mayın 7-də Qahirədə Naməlum əsgərin abidəsi önünə əklil qoymuşdur.
Dövlətimizin başçısına məlumat verildi ki, burada 1922-ci ildə Böyük Britaniyanın Misir üzərində protektoratlığının ləğvi və ölkəyə müstəqillik verilməsi ilə başa çatmış azadlıq mübarizəsi nəticəsində şəhid olan insanlar dəfn olunmuşdur. Lakin Misir müstəqillik əldə etsə də, Böyük Britaniya iqtisadiyyatda hökmranlığını davam etdirirdi.
1952-ci ildə Camal Əbdül Nasirin rəhbərlik etdiyi “Azad zabitlər” təşkilatının başçılığı ilə inqilabi çevriliş nəticəsində Misir Respublika elan olunmuşdur. Həmin hadisələr zamanı şəhid olanlar da burada dəfn edilmişdir.