Azərbaycan Prezidentinin çoxmilyonlu “Əl-Cəzirə” auditoriyasına çatdırdığı həqiqətlər
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də “Əl-Cəzirə” kanalına müsahibə verib. Dövlətimizin başçısı sentyabrın 27-dən bəri “Rossiya-1”, “Əl-Ərəbiyə” və “TRT Haber”ə də müsahibə verib və “Əl-Cəzirə” də daxil olmaqla bu kanalların hər birinin özünəməxsus tamaşaçı auditoriyası olduğu bəllidir. O da məlumdur ki, xüsusilə hazırkı həssas dövrdə həqiqətlərimizin daha böyük auditoriyaya çatdırılması bizim üçün çox vacibdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.
Deputat deyib: “Əl-Cəzirə” 1996-cı ildən yayıma başlamış nüfuzlu kanaldır. Əvvəlcə yalnız ərəb dünyası ilə bağlı gündəlik xəbərlərlə yayıma başlasa da, sonra başqa tematik kanalları da tərkibinə qataraq böyük bir şəbəkəyə çevrilib. Kanal ingilis dilində yayımları və yayım keyfiyyəti ilə dünyanın ən önəmli televiziya kanalları sırasında özünəməxsus yer tutur. 2004-cü ildə “brandchannel.com” saytının oxucuları tərəfindən “Apple”, “Google”, “Ikea” və “Starbucks”dan sonra ən nüfuzlu beşinci dünya markası seçilən “Əl-Cəzirə” indiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb”.
Q.Paşayeva qeyd edib ki, Prezident İlham Əliyevin dünya brendinə çevrilmiş “Əl-Cəzirə”yə müsahibəsi, artıq vurğuladığımız kimi, zaman və mövzu, habelə anti-Azərbaycan təbliğatına cavab baxımından xüsusi önəm daşıyır.
Prezident İlham Əliyev, Ermənistanın müharibə istəyi və hazırkı vəziyyətə görə məsuliyyət daşıdığı, BMT qətnamələrinin kağız üzərində qaldığı, Ermənistan-Azərbaycan müharibəsinin ədalətli həlli üçün beynəlxalq praktikanın mövcudluğu, Azərbaycanın öz ərazisini azad etmək haqqına sahib olduğu və hazırda məhz öz ərazisində hərəkət etdiyi, Qarabağın tarixən, mədəni-mənəvi baxımdan və ən əsası, hüquqən birmənalı şəkildə Azərbaycana aid olduğu, Azərbaycan Respublikasının müharibənin genişlənməsində, regional xarakter almasında qətiyyən maraqlı olmadığı, sülh danışıqlarının bərpası üçün Azərbaycanın istəklərinin tam haqlı olduğu və sair barədə fikirlərini bildirdi. Bu səmimi, məntiqli, haqq-ədalətə söykənən və beynəlxalq hüquq normalarına uyğun çağırışları ehtiva edən müsahibənin haqq işimizin yayılmasına töhfə verəcəyi şübhəsizdir.
Müzəffər Ordumuzun ön cəbhədə irəliləməsi, bu uğurlara ermənilərin və ermənipərəstlərin əsassız ittihamları ilə kölgə salınmaması üçün bizim hər birimizin üzərinə müəyyən vəzifələr düşür. Bu vəzifələrin icrasında Prezident İlham Əliyev öz fəaliyyəti ilə hər gün yeni örnəklər yaradır. Əlbəttə, işğalçı ölkənin baş naziri də hansısa xarici kanala müsahibə verir və yaxud onun üçün belə müsahibə imkanları yaradılır. Lakin dəfələrlə şahidi olmuşuq ki, o, bütün parametrlər üzrə Azərbaycan lideri ilə müqayisəyəgəlməz dərəcədə zəif qalır. Paşinyanın keçən günlərdə “Rossiya-1”in “60 dəqiqəsi”ndə özünü ələ ala bilmədiyini, bu ilin avqustunda BBC-nin “HARDTalk” proqramında çətin duruma düşdüyünü, fevralda isə Münhen Təhlükəsizlik Konfransındakı debatda kəkələdiyini və sair yaxşı xatırlayırıq. Bu nümunələr Paşinyanın intellektual hazırlığının olmamasını, siyasi yetkinliyə çatmamasını, daha önəmlisi, məhz şəri, haqsızlığı təmsil etdiyini aydın şəkildə göstərir.
Azərbaycan Prezidenti istənilən debata, müsahibəyə hazırdır - hər tribuna, hər efir Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi üçün yeni imkandır. “Əl-Cəzirə”nin efiri də bu mənada istisna olmadı.
“Əl-Cəzirə”nin çoxmilyonlu auditoriyası qarşısında çıxış edən Azərbaycan Prezidenti Ermənistan dövlətinin hiyləsini, beynəlxalq ictimaiyyəti aldatma cəhdlərini növbəti dəfə ifşa edərək, Ermənistan tərəfindən zəbt olunan torpaqları həmişəlik işğalda saxlamaq istədiyini bildirdi. Elan olunmamış müharibənin indiyədək uzanması və bu gün yeni qanlı səhifəyə keçməsini Ermənistanın əsas beynəlxalq təşkilatların qətnamələrinə uyğun şəkildə davranmamsı, status-kvonun dəyişməsini istəməməsi ilə izah etdi. Dövlətimizin başçısı dedi : “Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir; ikinci səbəb, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır”.
Bəlli olduğu kimi, guya demokrat Paşinyan hakimiyyətə gələn vaxt beynəlxalq ictimaiyyətdə belə bir təsəvvür yaranmışdı ki o, əliqanlı diktator sələflərindən fərqli olaraq danışıqlarda məhz beynəlxalq hüquq normalarına, sülh anlaşması ruhuna uyğun davranacaq. Ancaq çox keçmədi ki, guya demokrat baş nazirin işğalçılıq zehniyyətində Köçəryan-Sarkisyan duetinə naxələf olmadığı dəqiq göründü. Paşinyan hətta Qarabağ doğumlu sələflərindən daha irəli getməyə çalışdı, bir sıra siyasi, hərbi təxribatlar törətdi, diplomatik həyasızlıqlar etdi. Onsuz da kövrək xarakter daşıyan atəşkəsi fərqli istiqamətlərdə və cəbhəni böyüdərək pozan Ermənistan “demokratik hökumət”i, həyata keçirilə bilməyən “inqilab vədləri”nin qeyri-müəyyən zamanadək uzanmasından və COVID-19 gərginliyindən əziyyət çəkən xalqın başını “xarici düşmən”, “fəal müharibə” amili ilə qatmaq yolunu seçdi.
Paşinyan ötən ilin avqustunda Xankəndinə “Qarabağ Ermənistandır.” kimi siyasi axmaqlığa yol verəndə, qondarma rejimin qondarma “andiçmə mərasimi”ndə rəqs edəndə, qondarma “parlament”i Şuşaya daşımağa “xeyir-dua” verəndə, iyulda Tovuza hücum edib hərbçilərimizi, dinc sakinimizi öldürüb mülki tikililəri dağıdanda, bu ilin avqustunda Goranboya diversiya-təxribat qrupu göndərəndə ədalətli sülh, konstruktiv danışıq, beynəlxalq hüquqa uyğun anlaşma üçünmü çalışırdı?! Əsla, yox! Və nəhayət, sentyabrın 27-də səhər saat 06:00-da növbəti namərdliyə, hərbi təxribata əl atan Ermənistan əvvəlki həmlələrinə aldığı cavabların, dərsin onlar üçün yetərli olmadığını nümayiş etdirdi və budur, “Dənizdən-dənizə” havalanan zehniyyətsiz başlar Qarabağda “qan hovuz”unda qalıb...
Azərbaycan Prezidentinin həssas dönəmdə ingilisdilli auditoriyaya həqiqətlərimizi yayan “Əl-Cəzirə” müsahibəsi artıq diplomatiyanın işləməsi üçün yeganə şərtin olduğunu bu sözlərlə ifadə etdi: “Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var - Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır”.
Ali Baş Komandanın şərti şərtimiz, sözü sözümüzdür! Yolunuz yolumuzdur, cənab Prezident! Dövlətimiz var olsun!