“AZƏRBAYCAN: QLOBALLAŞMA DÖVRÜNÜN TƏLƏBLƏRİ” TÜRKİYƏDƏ NƏŞR OLUNMUŞDUR
Çoxşaxəli araşdırmaların nəticələri olan bu sanballı monoqrafiya respublikamızdan kənarda da diqqəti cəlb etmişdir. Bu yaxınlarda əsər İstanbulun Da nəşriyyatı tərəfindən nəfis şəkildə çapdan buraxılmışdır. Monoqrafiyanın türkçəsi Qafqaz Universitetinin tərcümə mərkəzində hazırlanmışdır.
“Ön söz” və altı fəsildən ibarət olan əsərdə Azərbaycanın müasir sosial-iqtisadi və siyasi inkişafı dərindən təhlil edilir. Bu baxımdan mütəxəssislər onu qlobal transformasiyalar, yeni dünya nizamının bərqərar olması və XX əsrin axırları – XXI əsrin əvvəllərində gedən siyasi proseslərin tranzitar cəmiyyətə intensiv təsiri dövründə dövlətin və cəmiyyətin mümkün inkişaf yollarını aşkar etməyə yönəldilmiş futuroloji cəhd kimi qiymətləndirirlər.
Müəllif qloballaşan dünyanın yeni reallıqlarını nəzərdən keçirir, qərbləşmənin və modernləşmənin Azərbaycan cəmiyyətinə təsirini təhlil edir. Eyni zamanda, postsovet məkanında demokratikləşmə prosesinin, Azərbaycanda gedən sosial-iqtisadi, siyasi islahatların və proseslərin ümumi istiqamətini göstərmək üçün qərb konsepsiyalarından istifadənin yolları və mümkünlüyünün araşdırılmasına geniş yer verilir.
Müəllif yazır ki, qloballaşma suveren dövlətlər arasındakı sədləri aradan qaldırır, cəmiyyətin daxilindəki sosial münasibətləri yeni bir məcraya salır, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə salaraq, sərt şəkildə məhdudlaşdırır. Milli mədəniyyətin və ənənələrin prioritetlərini gizli şəkildə dağıdır, özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir.
Üçüncü minilliyin əvvəlində qloballaşma dünya təfəkkürü və tərəqqisinin yeni, üstün istiqamətinə çevrilmişdir və hesab edilir ki, bütün XXI əsr bu əlamət altında keçəcəkdir. Keçid dövrünü yaşayan yeni müstəqil dövlət kimi Azərbaycan da bu prosesdən kənarda qala bilməzdi və ümumdünya inteqrasiya prosesinin gələcəyini dərk edərək, dünya birliyinə inteqrasiyanın düşünülmüş strateji yolunu seçmişdir.
Çoxillik elmi araşdırmalarının və müşahidələrinin yekunu olaraq, professor Ramiz Mehdiyev bir sıra mühüm məsələlər qaldırır və bunlara cavab verməyə çalışdığını yazır. Ancaq deyə bilərik ki, müəllif məqsədinə tam nail olmuşdur və məhz buna görə də mütəxəssislər monoqrafiyanı elmimizə dəyərli töhfə kimi qiymətləndirmişdir.