Azərbaycan rəngkarlığında Xurşidbanu Natəvan obrazı
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan rəssamları Xurşidbanu Natəvan obrazına müraciət edərkən onun həyat və fəaliyyətinin müxtəlif istiqamətlərini, mənəvi dünyasını, poetik düşüncəsini, ana məhəbbətini, maarifçilik fəaliyyətini və Qarabağla bağlılığını bədii vasitələrlə ifadə etməyə çalışıblar. Buna görə də Natəvana həsr olunan əsərlər təkcə portret janrının nümunələri deyil, həm də milli-mənəvi dəyərlərin və mədəni irsin bədii ifadəsi kimi mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov söyləyib.
Xalq rəssamı, akademik Mikayıl Abdullayevin yaradıcılığında Natəvan obrazını səciyyələndirən Aslan Xəlilov deyib: “Mikayıl Abdullayevin 1943-cü ildə yaratdığı “Xurşidbanu Natəvanın portreti” əsəri Azərbaycan rəngkarlığında Natəvan obrazının erkən və diqqətəlayiq bədii nümunələrindən biridir. Əsərin “Azərbaycan qadını” adı ilə də tanınması təsadüfi deyil. Burada Natəvan yalnız fərdi tarixi şəxsiyyət kimi deyil, Azərbaycan qadınının ləyaqətini, mənəvi gözəlliyini, zərifliyini və daxili vüqarını təcəssüm etdirən ümumiləşdirilmiş obraz kimi təqdim olunur.
Əsərin rəng həllində yaşıl, firuzəyi, qəhvəyi və isti dəri tonlarının vəhdəti mühüm rol oynayır. Baş örtüyünün açıq və soyuq çalarları simanı daha aydın göstərir, üz cizgilərini mərkəzə çəkir. Fonun nisbətən tünd və dekorativ səciyyəsi Natəvanın üzünü ön plana çıxarır. Burada rəssam işıq-kölgə münasibətlərindən obrazın psixoloji təsirini artırmaq üçün istifadə edib. Geyim və baş örtüyü milli qadın geyiminin bədii-estetik xüsusiyyətlərini əks etdirir. Lakin bu detallar etnoqrafik sadalama xarakteri daşımır. Onlar obrazın mənəvi məzmununa xidmət edir. Əsərin ən maraqlı cəhətlərindən biri portretdə romantik gözəlliklə tarixi ciddiyyətin birləşməsidir. Natəvan burada nə tamamilə saray qadını kimi, nə də yalnız şairə kimi göstərilib. O, milli qadın idealının bədii surətidir.
Mikayıl Abdullayevin 1976-cı ildə yaratdığı Natəvana həsr olunan başqa bir portreti barədə məlumat verən dosent qeyd edib ki, əvvəlki əsərlə müqayisədə daha yetkin, daha sərt və daha düşüncəli obraz təsiri bağışlayır. “Burada rəssam Natəvanı həyat təcrübəsi, daxili ağrı və mənəvi zənginlik daşıyıcısı kimi təqdim edir.
Əsərdə Natəvanın duruşu və baxışı xüsusi əhəmiyyətə malikdir. Üz cizgilərində sakit kədər, təmkin və düşüncə hakimdir. Kompozisiya yığcamdır. Ağ örtük, geyimin bəzəkli hissələri, sinədəki zinət detalları Natəvanın sosial mövqeyini və milli mühitini xatırladır. Bu portret Natəvan obrazının rəngkarlıqda təkamülünü göstərən mühüm nümunədir”, -deyə A.Xəlilov əlavə edib.
Keçmişin tarixi hadisələrinə yüksək bədii ifadə vermək bacarığı ilə seçilən Xalq rəssamı Mikayıl Abdullayevin yaratdığı “Xeyir-dua” tablosu haqqında danışan kafedra müdiri deyib: “Bu, Natəvan mövzusunda işlənmiş ən maraqlı tarixi-süjetli kompozisiyalardan biridir. Əsərdə Natəvan obrazı fərdi portret çərçivəsindən çıxarılaraq mühüm tarixi-mədəni hadisənin mərkəzinə gətirilib. Burada o, yalnız şairə və ya xan qızı kimi deyil, Qarabağ ziyalılığının, xeyirxahlığın, mənəvi himayədarlığın və maarifçilik ənənələrinin təmsilçisi kimi təqdim olunur. Şuşa şəhərinin fonunda qurulmuş səhnədə Natəvan, Üzeyirin ailə üzvləri və şəhər sakinləri iştirak edirlər. Natəvanın əlində “Qurani-Kərim”in təsvir olunması kompozisiyanın mənəvi məzmununu daha da dərinləşdirir. Burada müqəddəs kitab yalnız dini atribut kimi deyil, xeyir-duanın, pak niyyətin, mənəvi himayənin və gələcəyə açılan yolun rəmzi kimi çıxış edir”.
Müxbir – Fidan Əlizadə