AZƏRBAYCAN RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN SƏDRİ PAKİSTANDA KEÇİRİLƏN BEYNƏLXALQ ƏDLİYYƏ KONFRANSINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumatda deyilir ki, dünyanın 30-dan çox ölkəsinin ali məhkəmə sədrlərinin və ədliyyə nazirlərinin iştirak etdiyi bu konfransda beynəlxalq ictimaiyyəti maraqlandıran bir sıra problemlərə toxunulmuşdur. Konfransda ədliyyənin dövlət idarəçiliyində rolu, insan hüquqlarına dair beynəlxalq normaların tətbiqi, terrorizm, insan alveri, intellektual mülkiyyət hüququ və qloballaşma, beynəlxalq arbitraj və digər mövzular ətrafında müzakirələr aparılmışdır.
Ali Məhkəmənin sədri R.Rzayevin Pakistan hüquq, ədliyyə və insan haqları federal naziri Məhəmməd Vasi Zəfər ilə görüşündə ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin xalqlarımızın mənafeyinə xidmət etdiyi vurğulanmış, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Nazir M.V.Zəfər Pakistan Prezidenti Pərviz Müşərrəfin Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətinin tərkibində olduğunu və ölkəmizdə onlara göstərilən diqqət və hörməti unutmadığını bildirmişdir. Ali Məhkəmənin sədri R.Rzayev ölkəmizin məhkəmə sistemi və bu sahədə aparılan islahatlar barədə ətraflı məlumat vermiş, Pakistanın məhkəmə sisteminin quruluşu ilə maraqlanmışdır.
Ramiz Rzayev Pakistan radiosuna müsahibəsində ölkələrimiz arasındakı dostluq münasibətlərindən danışmış, məhkəmə sisteminin cəmiyyətdəki rolu barədə məlumat vermişdir.
Azərbaycanın Pakistandakı səfirliyinə gələn R.Rzayev, burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən söhbət açan guşə ilə tanış olmuş, xatirə kitabına ürək sözlərini yazmışdır.
Pakistan Prezidenti P.Müşərrəf, Baş nazir Ş.Əziz və Senatın sədri M.M.Sumro yubiley mərasimində və konfransda iştirak edən xarici qonaqlarla görüşmüşlər.