AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR ÜZRƏ DÖVLƏT KOMİSSİYASININ MƏLUMATI
Azərbaycan xilasediciləri və tibb işçiləri zəlzələnin episentrində, dəniz səviyyəsindən 4500 metr yüksəklikdə yerləşən, mürəkkəb iqlim şəraitinə malik və güclü dağıntılara məruz qalmış Kəşmir vilayətinin Balakot şəhərində olduqları müddətdə yüksək peşəkarlıq göstərmiş və onların fəaliyyəti Pakistan Hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanlı həkimlər 10 gün ərzində zəlzələdən ziyan çəkmiş 1000-ə yaxın xəstəyə ilkin və ixtisaslaşmış tibbi yardım göstərmiş, o cümlədən 88 kiçik və orta cərrahiyyə əməliyyatı aparmışlar. Əhali arasında infeksiya xəstəliklərinin aşkar edilməsi sahəsində də işlər görülmüş, onların müalicəsi təşkil olunmuşdur.
Xilasetmə işlərinin aparılması müddəti başa çatdıqdan sonra azərbaycanlı xilasedicilər dağıntı və uçqunlar altından cəsədlərin çıxarılması barədə Pakistan tərəfinin təklifini qəbul etmiş, bu işdə fəal iştirak etmiş və bununla da Pakistan tərəfinin xüsusi təşəkkürünü qazanmışlar.
Azərbaycanlı xilasedicilər və həkimlər 2005-ci il oktyabrın 21-də vətənə dönmüşlər.