Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 19 il keçir

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 19 il keçir

“Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik”.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev

14 iyul, 2003-cü il

Bu günlərdə Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur.

Ölkəmizdə ümumilikdə konstitusionalizm ideyalarının inkişaf etdirilməsi, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin simasında konstitusiya nəzarəti orqanının yaradılması, onun müstəqilliyinin təmin edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi sabitliyin təmin olunması ölkə həyatının bütün sahələrində genişmiqyaslı islahatların aparılmasına şərait yaratdı. Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunu inkişafının başlıca istiqaməti kimi seçən Azərbaycan dövləti qısa müddətdə irimiqyaslı qanunvericilik islahatlarını reallaşdıraraq beynəlxalq birliyə sürətli inteqrasiya sahəsində əhəmiyyətli nailiyyətlər əldə etdi. Başlanılmış köklü hüquqi islahatlar çərçivəsində ən mühüm hadisələrdən biri, şübhəsiz ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi olmuşdur. Beləliklə, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd dövlətçiliyimizin inkişafında yeni səhifə açdı.

Konstitusiyanın qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş imkanlar açaraq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün əlverişli şərait yaratmış, ictimai həyatın bütün sahələrinin inkişafına təkan vermiş, ölkəmizdə müasir dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşması işində mühüm addım olmuşdur. Əsas Qanun ictimai münasibətlər sistemində dövlətin roluna məhz müasir cəmiyyətin tələbləri baxımından yanaşaraq, dövlətin ali məqsədinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi olduğunu müəyyənləşdirmişdir. Bununla da, Əsas Qanunun ən geniş fəsli əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını əks etdirən Azərbaycan Respublikasının Konstitusiyası məhz vətəndaşların mənafelərinə xidmət etdiyini ən yüksək səviyyədə bəyan etdi.

Konstitusiya qanunvericilik sisteminin əsasını təşkil edir, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir, siyasi sabitliyin və milli, dini və yaxud etnik mənsubiyyətindən asılı olmayaraq həmrəyliyin qarantı qismində çıxış edir və hazırda hər bir demokratik dövlət üçün aktual olan cəmiyyətimizin multikulturalizm konsepsiyasının əsasları məhz Konstitusiyada təsbit edilmiş fundamental dəyərlərə əsaslanır.

Konstitusiya, həmçinin dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasındakı münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının səlahiyyətlərini və fəaliyyət qaydalarını müəyyənləşdirir. Konstitusiya həm də cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin mümkün hədlərini dəqiqləşdirir, həmçinin bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir.

İstənilən demokratik hüquqi dövlətdə Konstitusiya digər hüquqi aktlara nisbətən daha stabil və statik sənəd olmasına baxmayaraq, həmin stabillik və statiklik heç də onun tamamilə dəyişilməzliyi demək deyildir. Belə ki, Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət müşahidə edilən tərəqqi əsasında dəyişdikcə, eyni zamanda, ictimai münasibətlər inkişaf etdikcə konstitusiyaların da təkmilləşdirilməsi, onlara müəyyən əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Bu baxımdan 2002-ci il 24 avqust və 2009-cu il 18 mart tarixlərində keçirilmiş ümumxalq səsverməsi - referendumlarda insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, eyni zamanda, ölkəmizdə demokratik dəyərlərin gücləndirilməsi zərurətindən irəli gələrək Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilmişdir. 2009-cu ildən keçən 7 il ərzində isə dövlətimizin müasir ictimai-siyasi və hüquqi həyatında olan dəyişikliklər, həmçinin iqtisadi, siyasi, hüquqi islahatların kifayət qədər dərinləşməsi və ictimai münasibətlərin daha da inkişafı Əsas Qanunda yenidən bir sıra əlavə və dəyişikliklərin edilməsini obyektiv tələbata çevirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli Sərəncamına əsasən, “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilmiş və Konstitusiya Məhkəməsinin Plenumu 2016-cı il 25 iyul tarixli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında təkliflərinə müsbət rəy vermişdir.

Əminliklə deyə bilərik ki, Konstitusiyaya edilən əlavə və dəyişikliklər demokratik hüquqi dəyərlərə və konstitusionalizm prinsiplərinə uyğun olmaqla, əsas insan hüquq və azadlıqlarının daha dolğun şəkildə təsbiti və müdafiəsinə, bu sahədə dövlətin və bələdiyyələrin məsuliyyətinin artırılmasına, həmçinin ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə yönəlmişdir.

Əsas Qanuna edilən əlavə və dəyişikliklərdə əksini tapan məsələlərin əksəriyyəti məhz insan hüquq və azadlıqlarının etibarlı qorunmasını, onların həyat şəraitinin daha da yaxşılaşdırılmasını və bir sıra digər sosial məzmunlu məqamları özündə ehtiva edir. Belə ki, Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin, 25-ci maddəsinə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi, həmçinin 32-ci maddəsində şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması, 36-cı maddəsində əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokautun qadağan edilməsi kimi mütərəqqi əlavə və dəyişikliklər xüsusilə qeyd olunmalıdır.

Bununla yanaşı, Konstitusiyanın 60-cı maddəsinin yeni redaksiyada verilməsi və bu maddəyə “Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın” məzmunlu hissənin əlavə edilməsi hüquq və azadlıqların məhkəmə təminatı ilə bağlı çox mühüm dəyişikliklərdən biri kimi qiymətləndirilməlidir. İşə ağlabatan müddətdə baxılması ədalət mühakiməsinin əsas prinsiplərindən biri olmaqla bir sıra beynəlxalq hüquqi aktlarda, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində öz əksini tapmışdır.

Konstitusiyanın 60-cı maddəsinə edilən bu dəyişiklik insan hüquq və azadlıqlarının daha səmərəli və təsirli müdafiəsini, bütövlükdə məhkəmə hakimiyyətinin daha effektiv fəaliyyətini təmin edərək, mümkün neqativ halların qarşısını alacaq mühüm normalardan biridir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Əsas Qanuna edilmiş əlavə və dəyişikliklər, həmçinin dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda əksini tapan prinsipləri nəzərə alır.

Hüquq sisteminin fəaliyyətinin müasir və mütərəqqi prinsiplər əsasında təkmilləşdirilməsindən bəhs edərkən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamını xüsusilə qeyd etmək lazımdır. Dövlətimizin başçısının imzaladığı bu Sərəncam vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və təmin edilməsinin ədalət mühakiməsinin əsas məqsədlərindən biri olduğunu bəyan edərək, dövlətimizin demokratik dəyərlərə daimi sadiqliyini bir daha təsdiq etdi.

Məlumdur ki, 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının dövlət və hüquq sisteminə gətirdiyi mühüm yeniliklərdən biri də müstəqil məhkəmə hakimiyyətinin yaradılması olmuşdur. Əsas Qanunda təsbit edilmiş hakimiyyətlər bölgüsü prinsipinə müvafiq olaraq, məhkəmə hakimiyyəti orqanları keyfiyyətcə yeni funksiyalar əldə etmiş və ümumilikdə dövlət hakimiyyəti sisteminin zəruri tərkib hissəsinə çevrilmişdir. Bu baxımdan məhz o dövrdə hüquqi dövlət quruculuğunun müasir meyillərindən çıxış edilərək ölkəmizdə ali konstitusiya ədalət mühakiməsi orqanı olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təsis edilməsinin nəzərdə tutulması, bu təsisatın dövlət hakimiyyəti sistemində yerinin və rolunun müəyyənləşdirilməsi olduqca mütərəqqi və əhəmiyyətli hadisə idi.

Fəaliyyətə başladığı ilk gündən Azərbaycan Respublikasının Konstitusiyası və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Konstitusiya Məhkəməsi üçün müasir və davamlı normativ fundament yaradaraq, konstitusiya ədalət mühakiməsinin effektiv şəkildə həyata keçirilməsi üçün etibarlı təməl olmuşdur.

Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müasir hüquqi dövlət sisteminin mühüm təsisatlarından biri olan ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya nəzarətinin yurisdiksiyasına normativ hüquqi aktların geniş spektri daxildir. Bu da öz növbəsində Konstitusiya və qanun normalarının şərhi, qəbul edilən müvafiq aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması vasitəsilə hüququn inkişafı baxımından olduqca əhəmiyyətli funksiyaların həyata keçirilməsi deməkdir.

Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və tətbiq edilmir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi tərəfindən hər hansı bir hüquq normasının Əsas Qanuna uyğunsuzluğu müəyyən edildikdə qanunvericilikdə müvafiq boşluq yarana bilər. Belə hallarda, münasibətlərin tənzimlənməsi vacibliyindən irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında qanunverici tərəfindən yeni hüquq normasının qəbul edilməsinə qədər müvəqqəti qaydalar müəyyən edə bilər. Konstitusiya prinsiplərinə əsaslanan həmin qaydalar hüquq tətbiqedici orqanların praktik fəaliyyəti üçün böyük fayda daşıyır.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən biri Konstitusiyanın və qanunların şərhidir. Belə ki, Konstitusiyanın ali hüquqi qüvvəyə malik olması və onun normalarının üstünlüyü onlara verilən şərhin xüsusi qaydasını şərtləndirir. Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiya və qanunlara verilən şərhin əsas məqsədi Konstitusiya və qanunların müvafiq müddəalarının başa düşülməsində qeyri-müəyyənliyin aradan qaldırılması, hüquqi göstərişlərin həqiqi mənasının və məzmununun müəyyən edilməsidir. Konstitusiya Məhkəməsi bu səlahiyyətini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu və ümumi məhkəmələrin müraciəti əsasında həyata keçirir.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi bəzən baxdığı işlərdə hər hansı bir məsələnin hakimiyyətin digər qollarından birinin səlahiyyətinə aid olduğunu aşkar etdikdə, həmin orqanlara Məhkəmənin qərarından irəli gələn müvafiq qanunvericilik dəyişikliklərinin həyata keçirilməsinə və əlavə tədbirlərin görülməsinə dair təkliflər və tövsiyələr verir. Konstitusiyanın aliliyinin, insan və vətəndaşların qanuni maraqlarının, hüquqlarının və azadlıqlarının müdafiəsində dayanaraq Konstitusiya Məhkəməsi dəfələrlə müvafiq hakimiyyət orqanlarına, o cümlədən Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qanunvericiliyin bu və ya digər normalarının təkmilləşdirilməsinə dair tövsiyələrlə çıxış etmişdir.

Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən bəhs edərkən fiziki və hüquqi şəxslər tərəfindən verilən fərdi şikayətləri xüsusilə qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə 2002-ci ildə keçirilmiş konstitusiya islahatlarından və 2004-cü ilin yanvar ayında “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsindən sonra Konstitusiya Məhkəməsində fərdi şikayətlər institutu fəaliyyətə başladı. Bu gün təcrübə onu göstərir ki, fərdi şikayət institutu Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli formalarından biri kimi insan hüquq və azadlıqlarının müdafiəsi baxımından olduqca faydalı və effektiv imkanlar yaradır.

Konstitusiya şikayətləri əsasında qəbul edilən Konstitusiya Məhkəməsinin qərarlarında şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilən hüquq və azadlıqların məhkəmə müdafiəsi, o cümlədən mülkiyyət hüquqlarının müdafiəsi, əmək, mənzil, sosial təminat hüquqları və s. mühüm məsələlərə dair əhəmiyyətli hüquqi mövqelər formalaşdırılmışdır.

Keçən fəaliyyət ili ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən sorğu, müraciət və konstitusiya şikayətləri əsasında bir sıra mühüm qərarlar qəbul edilmişdir.

Belə ki, ərizəçi Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılmasına dair 2017-ci il 25 yanvar tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, təhsil hüququ sosial hüquqdur və insan şəxsiyyətinin inkişafı və Konstitusiyada təsbit olunmuş bir sıra digər hüquq və azadlıqların reallaşdırılması üçün vacib şərtdir. Təhsil hüququnun həyata keçirilməsi ictimai həyatda aktiv və səmərəli iştirak etmək şəraitini yaratmaqla cəmiyyətə fayda gətirmək imkanını verir.

Qərarda vurğulanmışdır ki, Konstitusiyanın 42-ci maddəsində hər bir vətəndaşın pulsuz ümumi ali təhsil almaq hüququ nəzərdə tutulmasa da, bu maddə Konstitusiyadan irəli gələn sosial dövlət prinsipi ilə birlikdə götürüldüyü təqdirdə, qanunvericilikdə ali təhsilin iqtisadi əlçatanlığına dair bərabər təhsil imkanlarına şərait yaradan müəyyən tədbirlərin əks olunmasına gətirib çıxarır.

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, göstərilən məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın müvafiq maddəsinin tələbləri əsas götürülərək, dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan şəxslər adıçəkilən Qanunun 1-ci maddəsinin 12-ci abzasında göstərilən səbəblərə görə 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olduqda, onların təhsil haqlarının ödənilməsi təhsil aldıqları müddətdə (23 yaşınadək) “Təhsil haqqında” Qanunun 38.3-cü maddəsinə müvafiq olaraq təmin edilməlidir.

Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu mövcud hüquqi vəziyyəti nəzərə alıb Konstitusiyanın 29-cu maddəsinin VI hissəsindən çıxış edərək qanunverici tərəfindən adıçəkilən Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.

Qərarda, həmçinin qeyd edilmişdir ki, torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının müəyyən edilməməsi aşkar olunduqda, adıçəkilən Qanunun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır.

Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilən “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu şəxslərin Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ qanunvericilik qaydasında tənzimlənməlidir.

Artıq qeyd edildiyi kimi, Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər. Mütərəqqi prinsipləri ehtiva edən Azərbaycan Respublikası Konstitusiyasının bu maddəsində işlədilən “hər kəs” ifadəsi Azərbaycan Respublikasının vətəndaşlarını, eyni zamanda, əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri də özündə ehtiva edir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun ən son qərarlarından biri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının vətəndaşı Klark Qordon Morrisin şikayəti əsasında 2017-ci il 26 may tarixində qəbul edilmişdir. Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 28-ci maddəsinin III hissəsində, həmçinin beynəlxalq hüquqi aktlarda təsbit edilmiş sərbəst hərəkət etmə, yaşayış yeri seçmə, ölkə ərazisindən kənara getmə kimi hüquqların məzmununa aydınlıq gətirərək qeyd etmişdir ki, bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Bu hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin müddəaları kifayət qədər ümumi ifadələrə malik olmaqla icra məmuruna geniş mülahizə sərbəstliyi vermişdir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, icra məmurunun etdiyi hərəkətlər məhkəmə tərəfindən yoxlanılır və adıçəkilən hüququn müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə müəyyən olunur.

Həmin Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mütənasiblik konstitusiya prinsipindən çıxış edərək belə nəticəyə gəlmişdir ki, məhkəmələr borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun ən son qərarlarından biri Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında qəbul edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyasında göstərilən hərəkəti (hərəkətsizliyi) hərbi qulluqçunun ilk dəfə etməsi onun barəsində aparılan ibtidai araşdırmanın cinayət işinin başlanmasının rədd edilməsi və ya onun bu hərəkətinə (hərəkətsizliyinə) görə intizam tənbehi alması ilə nəticələnməsinə baxmayaraq, ikinci dəfə müvafiq olaraq altı ay və bir il ərzində eyni əməlləri təkrar törətməsi cinayət məsuliyyətinə səbəb olacaqdır.

Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edərək vurğulamışdır ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv etmək hüququna malikdir.

Sorğuda qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin 333.1-ci və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ilk dəfə müvafiq olaraq üç gündən artıq, lakin on gündən az müddətə törədildiyindən cinayət tərkibinin olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın mövcudluğu həmin əməlin təkrar törədilməsinə görə cinayət işinin başlanmasına və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur.

Bu gün əminliklə deyə bilərik ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında öz əksini tapan hüquqi mövqelər Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi prinsipləri nəzərə alınmaqla formalaşdırılır.

Müasir dövrdə istənilən konstitusiya nəzarəti orqanı qarşısında duran mühüm vəzifələrdən biri konstitusiya ədalət mühakiməsinin qabaqcıl inkişaf meyillərinin öyrənilməsidir. Konstitusiya Məhkəməsi də öz fəaliyyətində bu tendensiyaların izlənilməsinə və onların təcrübədə tətbiq edilməsinə hər zaman xüsusi önəm verir. Konstitusiya Məhkəməsinin Plenumu beynəlxalq təcrübəyə xüsusi diqqət yetirməklə, demək olar ki, qəbul edilən hər bir qərarında beynəlxalq hüquqi aktların, xüsusilə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna, eyni zamanda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə, xarici ölkələrin konstitusiya nəzarəti orqanlarının məhkəmə təcrübəsinə istinadlar edir. Bu cür hüquqi istinadların edilməsi öz növbəsində daha da keyfiyyətli məhkəmə qərarlarının qəbul edilməsinə, həmçinin bu qərarların düzgün əsaslandırılmasına xidmət edir.

Artıq 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı törədilmiş təcavüzün nəticəsində Dağlıq Qarabağ və onun ətrafında olan ərazilər Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Zəbt edilmiş torpaqların azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və beynəlxalq hüquq sahəsində mütləq qüvvəyə malik olan 4 qətnamənin Ermənistan siyasi rəhbərliyi tərəfindən açıq-aşkar olaraq bu günə kimi icrasına məhəl qoyulmur. Məhz bu prosesin davamı olaraq Ermənistan siyasi rəhbərliyi tərəfindən beynəlxalq hüquq normalarına göstərilən hörmətsizliyin nəticəsi olaraq Azərbaycanın dinc vətəndaşlarına qarşı erməni silahlı qüvvələri tərəfindən dəfələrlə kütləvi qırğınlar törədilmişdir.

2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan ordusu apardığı uğurlu əməliyyatların nəticəsində məğlubiyyətlərinin qaçılmazlığını dərk edərək Ermənistan silahlı qüvvələri artıq azyaşlı uşaqlara qarşı hərbi cinayətlər törətməyə hazır olduqlarını nümayiş etdiriblər. 2017-ci ilin iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində qətlə yetirilən dinc soydaşlarımız, o cümlədən azyaşlı uşağın öldürülməsi bunu bir daha sübut edir.

Erməni hərbiçilərinin hərəkətləri yalnız hərbi cinayətlər kimi qəbul oluna bilər və bu cür cinayətlərə qarşı müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə tətbiq edilməməlidir. Biz hamımız dərk edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş Azərbaycan torpaqları tezliklə azad olunacaq. Azərbaycanın ərazisində törədilmiş hərbi və insanlığa qarşı cinayətlərə görə Ermənistan siyasi və hərbi nümayəndələri xüsusi beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb olunacaqlar.

Qarşıdan gələn 2018-ci ildə Konstitusiya Məhkəməsi 20 illik yubileyinə qədəm qoyur. Hüquq sistemimiz üçün nisbətən yeni təsisat olmasına baxmayaraq, fəaliyyət göstərdiyi bu illər ərzində Konstitusiya Məhkəməsi Əsas Qanunun fundamental prinsiplərinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində effektiv fəaliyyəti ilə ali dövlət orqanları sırasında öz layiqli yerini tutmağa nail ola bilmişdir. Məhkəmənin bu fəaliyyəti xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün də Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən quruculuq və demokratikləşmə prosesləri nəticəsində mümkün olmuşdur. Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının 5 illiyi münasibətilə ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhkəmənin 10 illik yubileyi, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 20 illik yubileyi ilə bağlı göndərdiyi təbrik məktublarında Məhkəmənin fəaliyyətinə yüksək hüquqi qiymət verilməsi, həmçinin etimadın nümayiş etdirilməsi hamımız üçün olduqca qürurvericidir.

Fərəh hissi ilə qeyd edilməlidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edən, dünya birliyində özünə layiqli yer tutmağı bacaran, eyni zamanda, regionun müstəqil siyasət yürüdən bir dövlətidir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin birbaşa rəhbərliyi ilə xalqımız tarixi nailiyyətlərə imza atır, Azərbaycan öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyur. Heç də təsadüfi deyildir ki, son illər Azərbaycan bir sıra dünya miqyaslı tədbirlərə ev sahibliyi edir. 2011-ci ildən etibarən Bakıda keçirilən ənənəvi Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair fikir mübadilələri və müzakirələri aparmaq məqsədilə tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini - dünyanın siyasi, elmi və mədəni elitasını bir araya toplayan dünya nüfuzlu bir tədbir kimi tanınmışdır. 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ilin sentyabr ayında 42-ci Ümumdünya Şahmat Olimpiadasının, bu il isə IV İslam Həmrəyliyi Oyunlarının, həmçinin Formula-1 yarışlarının məhz Bakıda keçirilməsi Azərbaycanın həm də yüksək səviyyədə inkişaf etmiş idman ölkəsi olduğunu bir daha təsdiq etmişdir.

Bu cür dünya əhəmiyyətli və mötəbər idman yarışlarının, habelə digər beynəlxalq siyasi, iqtisadi və mədəni tədbirlərin keçirilməsi bir daha nümayiş etdirdi ki, dünya birliyi inkişaf etmiş dövlətlərin tamhüquqlu üzvü olan Azərbaycanı sivil, tolerant, hüquqi, demokratik və açıq cəmiyyətə malik olan bir dövlət kimi tanıyır.

Biz hamımız dünyada müşahidə edilən iqtisadi və siyasi turbulentlikdən layiqincə çıxan ölkəmizin yeni inkişaf və davamlı tərəqqisinin şahidiyik. Bu uğurlu proseslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın adları ilə bağlıdır.

Əminik ki, Konstitusiyanın qoruyucusu və aliliyinin təminatçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesinə, Konstitusiyanın aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiəsi işinə Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bundan sonra da töhfəsini verməkdə davam edəcəkdir.

Fərhad Abdullayev

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveç Dövlət Bankının Alfred Nobel xatirəsinə iqtisad elmləri üzrə mükafatı laureatlarının adları məlum olub

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə

Evdə hazırlanan konserv daha təhlükəsizdir? – AQTİ aydınlıq gətirir

Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub

“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər

Şəqşünas-alimlər Orta Dəhlizin enerji və tranzit imkanlarını araşdırıblar

Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ

Mirzə Cəfər Topçubaşovun elmi irsi: beynəlxalq akademik mühitdə milli ənənələr

“Dünyanın ən yaxşı yeri”ni sevərək yaşayan sakin: Fəxrlə deyirəm ki, biz öz torpağımızdayıq

Bu il Naxçıvanda istehlakçılara 1,6 milyon manata yaxın ƏDV məbləği qaytarılıb

İlqar Fəhmi: Sosial şəbəkələrdə yaranan müzakirələr bəzən əsassız hay-küyə çevrilir

Azərbaycanın MDB-yə sədrliyi regional əməkdaşlığın inkişafına yeni impuls verəcək - ŞƏRH

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb