AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU VƏTƏNDAŞ G.MUSTAFAYEVANIN ŞİKAYƏTİ ÜZRƏ QƏRAR QƏBUL ETMİŞDİR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ali Məhkəmə sədrinin 3 iyun 2004-cü il tarixli, 8m-19\004 nömrəli məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim S.Salmanovun məruzəsini, ərizəçi G.Mustafayevanın çıxışını dinləyərək, işə dair materialları araşdıran Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul etmişdir. Qərarda deyilir ki, Mustafayeva Güllü Adil qızının Mustafayev Fərrux Elman oğlu və qeyrilərinə qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 3 oktyabr 2003-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə, 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. Bu işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.