AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN PLENUMU VƏTƏNDAŞ İ.ƏLİYEVİN ŞİKAYƏTİ ÜZRƏ QƏRAR QƏBUL ETMİŞDİR
Konstitusiya Məhkəməsinin mətbuat xidmətində AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 4 iyun tarixli, 8m-2\003 nömrəli məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin nümayəndəsi T.Soltanovun çıxışını dinləyib işə dair materialları müzakirə edən Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul etmişdir. Qərarda deyilir ki, Əliyeva Lalə Hamlet Qızının Əliyev İslam Rza oğluna qarşı bağ sahəsindən istifadə hüququnun tanınması, Əliyev İslam Rza oğlunun Əliyeva Lalə Hamlet qızına və digərlərinə qarşı icarə müqaviləsinin ləğv edilməsinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 14 fevral tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Mülki Prosessual Məcəllənin 424.1-cı və 429-cu maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.