Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİ QARŞISINDA HESABATI

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Milli Məclisin yaz sessiyasının martın 16-da keçirilmiş iclasında Nazirlər Kabineti öz fəaliyyəti haqqında hesabat vermişdir. Həmin hesabatın mətnini dərc edirik.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR

KABİNETİNİN AZƏRBAYCAN RESPUBLİKASININ

MİLLİ MƏCLİSİ QARŞISINDA HESABATI

Hörmətli sədr!

Hörmətli deputatlar!

Xanımlar və cənablar!

Məlum olduğu kimi, mövcud qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il öz fəaliyyəti barədə Milli Məclis qarşısında hesabat verməlidir. Azərbaycan Respublikası Baş nazirinin və Nazirlər Kabinetinin digər üzvlərinin iştirak etdiyi bugünkü iclasda Hökumətin 2003-cü ildəki fəaliyyəti barədə hesabat diqqətinizə təqdim olunur.

Hörmətli deputatlar!

2003-cü ildə Azərbaycanın sosial-iqtisadi inkişafı yüksələn xətlə davam etmişdir. Bu irəliləyiş 1996-cı ildən başlamış və son 8 il ərzində ümumi daxili məhsul 90 faiz, büdcə gəlirləri 3,9 dəfə, əsas kapitala yönəldilən sərmayələrin həcmi 6,5 dəfə, xarici ticarət dövriyyəsi 3,3 dəfə, əhalinin real pul gəlirləri 3 dəfə, orta aylıq əmək haqqı 6 dəfə artmış, büdcə kəsiri ümumi daxili məhsulun 2 faizindən çox olmamış, inflyasiyanın illik səviyyəsi 1-2 faiz təşkil etmişdir.

İqtisadi inkişafın qeyd olunan göstəricilərinə görə, Azərbaycan MDB ölkələri arasında ilk yerlərdən birini tutur.

Bu müddət ərzində idarəetmə strukturunun təkmilləşdirilməsi, dövlət mülkiyyətinin və torpağın özəlləşdirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, bank-maliyyə, vergi və gömrük sistemlərində islahatların aparılması, qiymətli kağızlar bazarının formalaşması ilə bağlı dərin struktur və institusional islahatlar da uğurla həyata keçirilmişdir.

Bütün bu nailiyyətlər Azərbaycanda iqtisadi siyasətin düzgün istiqamətdə aparılmasından xəbər verir. Bu siyasətin müəllifi ümummilli liderimiz, dünya miqyaslı görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev olmuşdur.

Bu gün dərin kədər hissi ilə etiraf etmək lazımdır ki, 2003-cü il indiki və gələcək nəsillərin yaddaşında, ömrünün 30 ildən çoxunu öz xalqına təmənnasız xidmətə həsr etmiş bu böyük şəxsiyyətin həyatdan getməsi, ağır itki ili kimi qalacaqdır. Onun qeyri-adi rəhbərlik istedadı hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcək dövlətçiliyi üçün güclü iqtisadi, elmi və kadr potensialı yaratmağa imkan vermişdir. Məhz bu potensial Azərbaycanı 1990-cı illərin əvvəlindəki dərin iqtisadi böhrandan çıxarmağa imkan yaratmışdır.

2003-cü il oktyabrın 15-də keçirilmiş prezident seçkilərində Azərbaycan vətəndaşlarının təxminən 77 faizi Heydər Əliyev xəttinin ən layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev seçkiqabağı və seçkilərdən sonrakı çıxışlarında birmənalı şəkildə bəyan etmişdir ki, Heydər Əliyevin daxili və xarici siyasəti davam etdiriləcək, onun dövlət quruculuğuna, Azərbaycanın iqtisadi və hərbi qüdrətinin möhkəmləndirilməsi və inkişafına yönəlmiş ideyaları reallaşdırılacaqdır.

Təsadüfi deyil ki, respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı verilmiş elə ilk fərman və sərəncamlar iqtisadi siyasətin varisliyini göstərir.

Hörmətli deputatlar!

İlk növbədə qeyd etmək lazımdır ki, 2003-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi davam etdirilmiş, Nazirlər Kabineti tərəfindən 173 qərar və 269 sərəncam qəbul olunmuş, mərkəzi icra hakimiyyəti orqanları yüzlərlə normativ-hüquqi sənəd təsdiq etmişlər.

2003-cü ildə ümumi daxili məhsulun real artım sürəti 11,2 faiz təşkil edərək 35,1 trilyon manata çatmış, bu göstəricinin adambaşına düşən həcmi 10,3 faiz artaraq 880 Amerika dollarınadək yüksəlmişdir.

Xüsusi olaraq vurğulamaq lazımdır ki, son beş ildə Azərbaycan ümumi daxili məhsulun artım sürətinə və adambaşına düşən ümumi daxili məhsul istehsalına görə MDB məkanında ilk üç ölkə sırasındadır.

Ümumi daxili məhsulun strukturunda maddi istehsalın payı 2003-cü ildə 63 faizə çatmışdır.

Ümumi daxili məhsulun formalaşması prosesində qeyri-dövlət sektorunun xüsusi çəkisi 73,3 faiz təşkil etmişdir. Həm də bu müddət ərzində həmin sektorda artım sürəti dövlət sektoruna nisbətən 3-4 faiz yüksək olmuşdur.

Hesabat ilində dövlət büdcəsinin gəlir proqnozunun icrası 100,7 faiz, o cümlədən Vergilər Nazirliyi üzrə 101,4 faiz və Dövlət Gömrük Komitəsi üzrə 104 faiz təşkil etmişdir. Büdcəyə 6,132 trilyon manat və ya 2002-ci illə müqayisədə 35 faiz çox vəsait daxil olmuşdur.

Respublikada baş verən iqtisadi proseslər, o cümlədən özəlləşdirmə, sahibkarlığın inkişafı büdcənin gəlir hissəsinin strukturunda da öz əksini tapmışdır. Məsələn, büdcə gəlirlərində qeyri-dövlət sektorunun payı artaraq, 2002-ci ildəki 49 faizdən təxminən 54 faizə çatmışdır.

Ötən il büdcə xərcləri 32,5 faiz (1,5 trilyon manat) artaraq, 6,173 trilyon manat təşkil etmişdir.

Bütövlükdə büdcənin xərclər hissəsi keçən il də sosial yönümlü xarakter daşımışdır. Büdcə vəsaitinin 55 faizdən çoxu əhalinin maddi və sosial ehtiyaclarının ödənilməsi üçün istifadə olunmuşdur.

Ölkənin müdafiə qabiliyyətinin artırılmasına, o cümlədən hərbi quruculuğa xüsusi diqqət yetirilmişdir. “Müdafiə xərcləri” maddəsi üzrə istifadə olunan vəsait 12 faiz artaraq, 679 milyard manat təşkil etmişdir ki, bu da bütün büdcə xərclərinin 11 faizinə bərabərdir.

2003-cü ildə investisiya xərcləri 2,7 dəfə artaraq, 435 milyard manat təşkil etmişdir. Həmin vəsaitlər, əsasən, infrastruktur obyektlərinin, kommunikasiyaların və sosial sahənin inkişafına yönəldilmişdir.

Ötən il büdcə kəsiri cəmi 41 milyard manat və ya ümumi daxili məhsula nisbətdə 0,1 faiz təşkil etmişdir. Belə büdcə siyasəti bütün maliyyə sistemində və pul dövriyyəsində tarazlığı təmin etmiş, habelə dövlətin daxili borcunun artmasına yol verməmişdir.

Pul-kredit və valyuta siyasətinin bir qədər yumşaldılması milli valyutanın – manatın ödəmə qabiliyyətini sabitləşdirməyə və inflyasiyanı iqtisadi baxımdan özünü doğruldan səviyyədə saxlamağa imkan vermişdir.

Bank sistemində pul kütləsi 30 faiz artaraq, 2002-ci ildəki 2 trilyon manatdan hesabat ilində 2,6 trilyon manata çatmışdır. Bu, hüquqi və fiziki şəxslərin bank sisteminə inamının xeyli artdığını göstərir.

Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətli inteqrasiyası şəraitində iqtisadi cəhətdən əsaslandırılmış valyuta məzənnəsi siyasəti aparılmışdır ki, bu da ölkədə işgüzar fəallığı yüksəltməyə və ixracı təşviq etməyə imkan yaratmışdır. Hesabat ilində Amerika dollarının məzənnəsi cəmi 0,6 faiz qalxmışdır. Bu isə gözlənilə bilən inflyasiyaya ciddi təsir göstərməmişdir.

Məlum olduğu kimi, son illər ərzində bank sistemində ciddi islahatlar aparılmış, bunun nəticəsində ötən illərlə müqayisədə bankların sayı iki dəfə azalmışdır. 2003-cü il ərzində bankların nizamnamə fondu 18,3 faiz artmış və 2004-cü ilin əvvəli üçün 736 milyard manat təşkil etmişdir.

Digər tərəfdən, bank sisteminin ölkənin sosial-iqtisadi proseslərinə cəlb olunması ilə bağlı tədbirlər gücləndirilmişdir. Bunun nəticəsində 2003-cü ilin əvvəli ilə müqayisədə bankların verdiyi kreditlərin ümumi məbləği 28,4 faiz, o cümlədən uzunmüddətli kreditlər 25,3 faiz artmışdır.

Ölkənin iqtisadi vəziyyətinin ən mühüm göstəricilərindən biri onun valyuta ehtiyatlarının səviyyəsidir.

Keçən il valyuta ehtiyatlarından Beynəlxalq Valyuta Fonduna faizlərlə birlikdə 82,7 milyon dollar kreditlərin qaytarılmasına, habelə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinin maliyyələşdirilməsi üçün 65,4 milyon dollar ayrılmasına baxmayaraq, 2004-cü ilin əvvəli üçün Azərbaycanın valyuta ehtiyatları 75 milyon dollar artmış və 757 milyon dollar təşkil etmişdir. Bu, ölkənin 4-5 aylıq orta idxal həcminə bərabərdir.

Burada xatırlatmaq yerinə düşər ki, 2004-cü il yanvarın 1-nə Neft Fondunda 815 milyon dollar, yaxud 2003-cü ilin əvvəlinə nisbətən 123 milyon dollar çox vəsait toplanmışdır.

Xarici borclar məsələsində ehtiyatlı siyasət ötən il də davam etdirilmiş, yalnız ölkənin maliyyə sabitliyinin, struktur dəyişikliklərinin, infrastrukturun inkişafının təmin edilməsi ilə bağlı ən öncül layihələr üzrə xarici vəsaitlər cəlb olunmuşdur. 2004-cü il yanvarın 1-nə Azərbaycanın faktiki xarici borcu 1,575 milyard dollar və ya ümumi daxili məhsulun 22,2 faizi həddində olmuşdur. Bu, MDB ölkələri arasında ən aşağı göstəricilərdən biridir. Yeri gəlmişkən deyək ki, Neft Fondunun vəsaiti nəzərə alınmaqla, ümumən ölkənin valyuta ehtiyatları 1,572 milyard dollar və ya xarici borcu səviyyəsindədir ki, bu da ölkəmizin maliyyə etibarlılığını göstərir.

Hörmətli deputatlar!

2003-cü ildə struktur və institusional dəyişikliklər prosesi davam etmişdir. İdarəetmə sisteminin təkmilləşdirilməsi siyasəti çərçivəsində 2 dövlət konserni – “Azəravtonəqliyyat” və “Azəravtoyol” ləğv olunmuş və onların funksiyaları əvvəllər yaradılmış Nəqliyyat Nazirliyinə verilmişdir.

İqtisadiyyatda struktur dəyişikliklərinin davam etdirilməsi məqsədi ilə keçən il II Özəlləşdirmə proqramı çərçivəsində 143 səhmdar cəmiyyətinin səhmləri çek və pul hərraclarında, 6 səhmdar cəmiyyətinin səhmləri investisiya müsabiqələri vasitəsilə, 976 kiçik müəssisə və qeyri-yaşayış sahəsi, 2 birgə müəssisənin dövlətə məxsus səhmləri özəlləşdirilmişdir.

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 110 milyard manatdan çox vəsait daxil olmuşdur.

2003-cü ildə sahibkarlığın inkişafına dövlət köməyi siyasəti gücləndirilmişdir.

İş adamlarına dövlət maliyyə dəstəyinin göstərilməsi məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu üçün büdcədə 57 milyard manat nəzərdə tutulmuş və həmin vəsait bütünlüklə istifadə edilmişdir. Bu vəsaitdən 3,5 milyard manat Naxçıvan Muxtar Respublikasına, qalan məbləğ isə respublikanın 50 şəhər və rayonunda 306 sahibkara güzəştli kredit formasında verilmişdir. Bu layihələrin həyata keçirilməsi təxminən 5 min yeni iş yeri açmağa imkan vermişdir.

Sahibkarlığa Kömək Milli Fondunun kreditləri müsabiqə əsasında seçilmiş 14 kommersiya bankı tərəfindən verilmişdir. Həmin bankların ölkənin 16 şəhər və rayonunu əhatə edən 36 filialı yaradılmışdır. Qeyd etmək lazımdır ki, bu proses sahibkarların maliyyə probleminin həllinə kömək etməklə yanaşı, bank sisteminin inkişafına da təkan vermişdir.

Bundan əlavə, xarici investorların təsis etdiyi Azərbaycan Mikromaliyyələşdirmə Bankı, “Aqrarkredit” qeyri-bank kredit təşkilatı, müxtəlif kredit təsisatları və fondlar yaradılmışdır.

Keçən ildən etibarən ayrı-ayrı fəaliyyət növlərinə verilən lisenziyaların sayı kəskin sürətdə azaldılmış, lisenziyalar alınması üçün rüsumların məbləği aşağı salınmış və verilmə qaydaları əhəmiyyətli dərəcədə sadələşdirilmiş, görülən tədbirlər nəticəsində sahibkarlıq fəaliyyətinə müdaxilələrin sayı məhdudlaşdırılmışdır.

Hörmətli deputatlar!

2003-cü ildə iqtisadiyyatın bütün sahələrində artım müşahidə edilmişdir.

Əmək məhsuldarlığı ümumən (iqtisadiyyatda işləyən hər nəfərə düşən ümumi daxili məhsul) 16 faiz artmış və 9,4 milyon manat təşkil etmişdir ki, bu da iqtisadiyyatın səmərəliliyinin artdığını göstərir.

Hökumətin son illər həyata keçirdiyi sənaye siyasəti sabit artım şəraitində sənaye istehsalının strukturunda keyfiyyətcə yeni səviyyəyə çıxmağı təmin etmişdir.

2003-cü ildə bütünlükdə sənaye istehsalının həcmi 6,1 faiz, o cümlədən qeyri-dövlət sektorunda 7,6 faiz artaraq onun payı 53,4 faiz olmuşdur.

Prezident Heydər Əliyevin müəllifi olduğu uzunmüddətli neft strategiyası 2003-cü ildə də uğurla həyata keçirilmişdir.

Hesabat dövründə 15,4 milyon ton neft, o cümlədən Dövlət Neft Şirkəti tərəfindən proqnoz göstəricilərinə əməl olunmaqla 8 milyon 900 min ton, Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən 6 milyon 500 min ton neft hasil edilmişdir. Bu isə respublikanın neft məhsullarına olan daxili tələbatını tam ödəməklə bərabər, həm də 869 milyon Amerika dolları məbləğində 2,420 milyon ton xam neftin və təxminən 1,9 milyon ton neft məhsullarının ixracına imkan yaratmışdır.

2003-cü ildə 5,1 milyard kubmetrdən çox qaz hasil edilmişdir. Respublikanın tələbatını daha dolğun ödəmək üçün 2003-cü ildə Rusiyadan 215 milyon dollar məbləğində 4 milyard kubmetrdən çox qaz idxal edilmişdir.

Respublikanın elektrik stansiyalarının xaricdən satın alınan qazla işləməsinə keçirilməsi ölkədə çıxarılan qazı əhalinin istehlakına yönəltməyə imkan vermişdir. Bunun nəticəsində əhalinin qazla təchiz edildiyi rayon və şəhərlərin sayı 52-yə çatdırılmışdır.

2003-cü ildə “Azəriqaz” Səhmdar Cəmiyyəti respublikada istehlakçılara 338 milyard manat məbləğində 4,167 milyard kubmetr qaz vermişdir. Lakin istehlak olunan qazın haqqının yalnız 53,4 faizi ödənilmişdir.

Yeni səmərəli energetika gücləri yaratmaq və elektrik şəbəkəsi təsərrüfatını genişləndirmək məqsədi ilə son illər güzəştli şərtlərlə böyük həcmdə xarici sərmayələr cəlb olunmuşdur.

2003-cü ildə respublikada 21 milyard kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunmuş, istehlakın səviyyəsi 13,4 faiz artmışdır.

Qeyd etmək lazımdır ki, respublika əhalisinə elektrik enerjisinin hər kilovat-saatı 96 manata (1,96 sent) satılır. Bu, Tacikistan və Türkmənistan istisna olmaqla, MDB-nin digər ölkələrindəki və Türkiyədəki qiymətlərdən bir neçə dəfə ucuzdur.

Lakin istehlak olunan qazın və elektrik enerjisinin dəyərinin ucuz, yığımın isə aşağı səviyyədə olması 2003-cü ildə dolayı subsidiyaların məbləğinin 2 trilyon manata çatmasına səbəb olmuşdur.

Belə vəziyyəti aradan qaldırmaq məqsədi ilə yanacaq-energetika sektorunda maliyyə intizamının gücləndirilməsi ilə bağlı qəbul edilmiş proqrama uyğun olaraq, elektrik enerjisinin və qazın istehsalçıları səmərəliliyi artırmalı, o cümlədən istifadə olunan yanacağa qənaət etməli, itkilərin səviyyəsini azaltmalı, yenidənqurma və cari təmir işlərinin həcmini artırmalıdırlar. İstehlakçılar isə enerjidaşıyıcılarından qənaətlə istifadə etməli, ödənişləri vaxtlı-vaxtında və tam həcmdə aparmalıdırlar.

Keçən il ümumən kimya və neft kimyası sənayesində istehsalın həcmi 9,5 faiz artmışdır.

Neft kimyası müəssisələrinin fasiləsiz və rentabelli işləməsini təmin etmək məqsədi ilə birbaşa qovulmuş benzinin alınması üçün 109 milyard manatlıq subsidiya verilmişdir.

Hesabat dövründə maşınqayırma və metallurgiya müəssisələrində uzun sürən maliyyə-təsərrüfat böhranından çıxmaq meyli müşahidə olunmuşdur.

Rəqabət qabiliyyətli məhsul istehsalına və yeni iş yerlərinin açılmasına yönəlmiş “2002-2005-ci illər üçün maşınqayırmanın inkişaf proqramı” uğurla həyata keçirilir.

Keçən il neft-mədən avadanlığı istehsalında beynəlxalq standartların tətbiqi layihəsi üçün ilk dəfə olaraq, Yaponiya İqtisadi Əməkdaşlıq Bankından 13 milyon dollar məbləğində qrant almaq mümkün olmuşdur. Bu layihənin həyata keçirilməsi istehsal olunan məhsulun satış bazarını genişləndirməyə və yeni iş yerləri açmağa imkan verəcəkdir.

2003-cü ildə elektrotexnika sənayesi müəssisələri ölkənin elektroenergetikasında istifadə olunan avadanlıq və cihazların istehsalını 2 dəfə artırmışdır.

Ötən il həmçinin metallurgiya müəssisələri 2002-ci ilə nisbətən 2,7 dəfə çox sənaye məhsulu istehsal etmiş və 500-dən çox yeni iş yerləri açmışlar.

Bu sahədə Gəncədə alüminium oksidi (gil-torpaq) istehsalının həcmi təxminən 2 dəfə artaraq, 180 min tona çatmışdır. Sumqayıtda ilkin alüminium istehsalı bərpa olunmuş, keçən il 18 min 500 ton məhsul istehsal edilmişdir. Boru prokatı zavodu, Daşkəsəndə dəmir filizi və Qazax rayonunda bentonit gili çıxarılması üzrə investisiya layihələrinin həyata keçirilməsinə başlanmışdır.

Yeyinti sənayesində məhsul istehsalının 98,5 faizi özəl sektorun payına düşür. Keçən il bu sahədə istehsalın həcmi 5,2 faiz artmışdır.

Təəssüf ki, yüngül sənayedə işlərin vəziyyəti hələ də istənilən səviyyədə deyildir. Bu sahənin müəssisələrinin istehsal etdiyi məhsulların maya dəyəri yüksək olduğundan onlar xarici mallarla rəqabət apara bilmir. Nəticədə müəssisələr fəaliyyətini dayandırmalı olurlar. Nisbətən əməktutumlu olan bu sahənin maliyyə-təsərrüfat böhranından çıxarılmasını təmin etmək üçün yeni texnologiyalar, müasir idarəetmə təcrübəsi cəlb edilməli və qeyri-ənənəvi qərarlar qəbul olunmalıdır.

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də kənd təsərrüfatı istehsalçılarının dövlət tərəfindən hərtərəfli dəstəklənməsi siyasəti davam etmişdir.

Hazırda torpaq islahatı başa çatmış, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, 2008-ci ilədək vergilərin bütün növlərindən azad edilmişlər.

2003-cü ildə kənd təsərrüfatının kreditləşdirilməsinə dair müxtəlif layihələr üzrə hüquqi və fiziki şəxslərə 33 milyard manat məbləğində (mikrokreditləşdirmə, fermer təsərrüfatlarının inkişafı fondu, dövlət budcəsi) qısamüddətli və uzunmüddətli kreditlər, eləcə də Yaponiya hökumətinin 3 milyon dollar qrantı hesabına kənd təsərrüfatı istehsalçılarına lizinq əsasında 68 ədəd taxılyığan kombayn verilmişdir.

Hazırda başlıca vəzifə bu sahədə islahatları davam etdirməkdən, fermerlərin texnika, toxum, dərman preparatları və gübrə ilə təminatını yaxşılaşdırmaqdan, onların maliyyə resurslarına çıxışını təmin etməkdən, istehsal olunan məhsulun qablaşdırılması və satış bazarlarına çatdırılması ilə bağlı zəruri tədbirlər görməkdən ibarətdir.

Kənd təsərrüfatı istehsalının artımının təmin edilməsində meliorasiya-irriqasiya sistemi mühüm rol oynayır. Bu sistemin normal istismarını təmin etmək məqsədi ilə 2003-cü ildə büdcədən əvvəlki ilə nisbətən 22 milyard manat çox – 182 milyard manat vəsait ayrılmışdır. Beynəlxalq maliyyə təsisatlarının güzəştli kreditləri hesabına meliorasiya və irriqasiya sahəsində bir neçə layihə həyata keçirilir. 2003-cü ildə bu kreditlər hesabına 5,4 milyon dollarlıq tikinti və təmir-bərpa işləri görülmüşdür.

Keçən il Kür və Araz çayları boyunca böyük həcmdə sahilbərkitmə işləri görülmüş, sel sularının zərərli təsirinin qarşısını almaq üçün yeni bəndlər tikilmişdir.

2003-cü ildə kənd təsərrüfatı istehsalının real artımı 5,6 faiz təşkil etmişdir.

Hörmətli deputatlar!

Ölkədə aparılan, xarici və yerli sərmayələrin cəlb olunması üçün ən əlverişli hüquqi və təşkilati şəraitin yaradılmasını nəzərdə tutan sərmayə siyasəti iqtisadiyyatın dinamik inkişafında mühüm rol oynayır.

2003-cü ildə bütün maliyyələşdirmə mənbələrindən Azərbaycan iqtisadiyyatına 19,5 trilyon manat və ya 3,980 milyard dollar sərmayə yönəldilmişdir.

Orta hesabla adambaşına sərmayələrin həcmi 491 dollar olmuşdur. Bu göstəriciyə görə keçən il Azərbaycan nəinki bütün MDB ölkələrindən, həm də Şərqi Avropanın bir çox ölkələrindən irəlidə olmuşdur. 2002-ci ilə nisbətən sərmayələrin həcmi 1,7 dəfə artmışdır.

Daxili maliyyələşdirmə mənbələri hesabına sərmayələr 37 faiz artaraq 3,460 trilyon manat təşkil etmişdir. Büdcə vəsaitləri hesabına (1,9 dəfə) və müəssisələrin maliyyə vəsaiti hesabına (28 faiz) kapital qoyuluşunun əhəmiyyətli dərəcədə artması müşahidə olunur ki, bu da müəssisələrin maliyyə baxımından sağlamlaşması meylini göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, keçən il yerli özəl sərmayəçilərin maliyyə vəsaiti hesabına kapital qoyuluşunun həcmi 1,5 dəfə artaraq 573 milyard manat təşkil etmişdir.

2003-cü ildə xarici sərmayələrin ümumi həcmi təxminən 3,3 milyard dollar və ya orta hesabla adambaşına 403 dollar olmuşdur.

Xarici sərmayələrin ümumi məbləğinin 2,8 milyard dollardan çoxu və ya 85,5 faizi neft-qaz sektorunun inkişafına, 73 milyon dollardan çoxu struktur islahatlarına, 250 milyon dolları, əsasən, infrastrukturun inkişafı ilə bağlı dövlət təminatı verilən konkret layihələrin həyata keçirilməsinə yönəldilmişdir.

Növbəti illərdə əsas vəzifəmiz neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna daha çox sərmayə cəlb etməkdən, bu sahələrdə yeni-yeni müəssisələrin açılmasını, iş yerlərinin yaradılmasını, ixracda qeyri-neft məhsullarının xüsusi çəkisinin artırılmasını təmin etməkdən ibarət olacaqdır.

2003-cü ildə dəyəri 3,9 trilyon manatdan çox olan əsas fondlar, o cümlədən 2,9 trilyon manatlıq (75 faiz) istehsal təyinatlı əsas fondlar istifadəyə verilmişdir. Bu müddət ərzində 8 trilyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür ki, bu da ümumi birbaşa sərmayələrin 44,8 faizinə bərabərdir.

2003-cü ildə 15-dən artıq vacib obyekt tikilib istifadəyə verilmişdir. Belə ki, beş elektrik stansiyasında müxtəlif gücdə turbinlər və generatorlar quraşdırılmış, borubetonlama zavodu, 223 kilometr uzunluğunda fiber-optik magistral kabel xətti, “Həzi Aslanov” metro stansiyası, 1,292 milyon kvadratmetr yeni yaşayış evləri və digər obyektlər istifadəyə verilmişdir.

Nəqliyyat kompleksində də dinamik inkişaf müşahidə olunur.

2003-cü ildə tranzit və yerli yükdaşımaların həcmi 11,1 faiz artaraq 109,4 milyon ton təşkil etmişdir. Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi ilə 9,7 milyon ton (artım 14,2 faiz) tranzit yüklər daşınmışdır. Sərnişin daşınması 8,2 faiz artmışdır.

Keçən il dəmir yolu nəqliyyatında maddi-texniki bazanın möhkəmləndirilməsinə dair işlər davam etdirilmişdir.

Nəqliyyatın bu növü ilə 19,7 milyon ton (artım 13 faiz) yük daşınmışdır ki, bu da bütün yükdaşımaların 18 faizini təşkil edir.

Avtomobil nəqliyyatında hüquqi və fiziki şəxslər tərəfindən 59,1 milyon ton yük (artım 9,9 faiz), habelə 786 milyon sərnişin (artım 2,3 faizdən çox) daşınmışdır.

Nəqliyyatın bu növündə qeyri-dövlət sektorunun payı 95 faizdən çoxdur.

Hava nəqliyyatında da böyük müsbət dəyişikliklər baş vermişdir. Hazırda uçuşların təhlükəsizliyinin təmin edilməsi və sərnişinlərə xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı ardıcıl işlər görülməkdədir.

Keçən il hava nəqliyyatı ilə 850 mindən çox sərnişin və 31 min ton yük daşınmışdır.

2003-cü ildə Azərbaycanın su nəqliyyatı ilə 13,3 milyon ton yük (artım 17 faiz) daşınmışdır ki, bu da bütün yükdaşımaların 12 faizini təşkil edir. Keçən il Xəzər Dövlət Dəniz Gəmiçiliyi iki yeni müasir tanker almışdır. Bu, gəmiçiliyin fəaliyyətinin səmərəliliyinin artırılmasına kömək edəcəkdir.

2003-cü ildə Bakı metropoliteni ilə 127 milyon sərnişin (artım 10 faiz) daşınmışdır. Metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi davam etmiş, 25 yeni vaqon və ehtiyat hissələr alınmış, buna 12 milyard manat sərf olunmuşdur. Metropolitenin inkişafı və onun yeni vaqonlarla təchizi bu il də davam etdiriləcəkdir. Burada xatırlatmaq yerinə düşər ki, maya dəyərindən aşağı olmasına baxmayaraq, metroda 250 manat səviyyəsində olan gediş haqqı dəyişməmişdir (gediş haqqı Moskvada 774 manat, Sankt-Peterbuqda 929 manat, Samarada 870 manat, Daşkənddə 637 manat, Tbilisidə 617 manat, Kiyevdə 641 manat, Xarkovda 637 manatdır). Bununla əlaqədar keçən il dövlət tərəfindən metropolitenə 30 milyard manat məbləğində subsidiya ayrılmışdır.

2003-cü ildə rabitə xidmətləri 28 faiz artaraq 1,2 trilyon manat təşkil etmişdir ki, bunun da 73 faizi əhalinin payına düşür.

Ölkənin müxtəlif bölgələrində 93 min nömrəlik avtomat telefon stansiyaları istifadəyə verilmişdir. Hazırda hər 100 ailədən 57-nin mənzilində telefonu var, mobil telefon abonentlərinin sayı 31 faiz artaraq 1 milyonu keçmişdir.

Əhalinin ödəmə qabiliyyətinin yüksəldilməsini təmin etmək sahəsində görülən tədbirlər nəticəsində 2003-cü ildə daxili mal dövriyyəsinin və əhaliyə pullu xidmətlərin həcmi 11 faiz artaraq 18,3 trilyon manata çatmışdır.

2003-cü ildə pul məsrəflərinin strukturu göstərir ki, gündəlik tələbatın təmin edilməsi və məcburi ödənişlərlə yanaşı, əhalinin əmanətlərə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, qiymətli kağızlar alınmasına və mədəni tədbirlərə xeyli vəsait yönəltmək üçün imkanı artmışdır.

Hörmətli deputatlar!

Makroiqtisadi sabitləşmə və iqtisadiyyatın dinamik inkişafı sahəsində yuxarıda göstərilən uğurlar ölkə vətəndaşlarının yaşayış səviyyəsinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsini təmin etməyə imkan vermişdir.

2003-cü ildə əhalinin real pul gəlirləri 11,6 faiz artaraq 23,7 trilyon manat və ya orta hesabla adambaşına 2,9 milyon manat olmuşdur.

Keçən il əhali banklara əmanət şəklində 431 milyard manat qoymuşdu, 2004-cü il yanvarın 1-nə əhalinin əmanətlərinin ümumi məbləği təxminən 1,2 trilyon manata çatmışdır.

2003-cü ildə respublika üzrə orta aylıq əmək haqqı 21,4 faiz artaraq 383,1 min manat təşkil etmişdir. Keçən il qeyri-dövlət sektorunda orta aylıq əmək haqqı 696 min manat olmuşdur ki, bu da dövlət sektoruna nisbətən (253 min manat) 2,8 dəfə çoxdur. İqtisadiyyatda çalışanların 69 faizinin qeyri-dövlət sektorunda işlədiyini nəzərə alsaq, bu göstərici müsbət hal kimi qiymətləndirilməlidir.

Keçən il təxminən 1,6 milyon nəfərin – elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, daxili işlər, vergi sistemi, metropoliten işçilərinin, xarici ölkələrdəki diplomatik korpusun əməkdaşlarının və 20 Yanvar hadisələri zamanı əlil olanların əmək haqqı və müavinətləri orta hesabla 50 faiz artırılmış, bu məqsədlə büdcədən 500 milyard manatdan çox əlavə vəsait ayrılmışdır.

Bundan əlavə, keçən il minimum əmək haqqı 27 min 500 manatdan 45 min manata, 2004-cü il yanvarın 1-dən isə 60 min manatadək qaldırılmışdır.

2003-cü ilin avqustunda pensiyaların hesablanması üçün orta aylıq əmək haqqının miqdarını 60 min manatdan 85 min manata qaldırmaq haqqında qərar qəbul olunmuşdur.

Pensiya və müavinətlərin orta aylıq səviyyəsi 34 faiz artmış və 2003-cü ilin sonu üçün 119,1 min manat təşkil etmişdir. Eyni zamanda, pensiya və müavinətlərin vaxtında verilməsi təmin olunmuşdur.

Qeyd olunan bu artımlar mövcud maliyyə imkanları çərçivəsində həyata keçirilmişdir. Növbəti illərdə də əmək haqqının, pensiyaların, tələbə təqaüdlərinin və digər ödənişlərin artırılması məsələsi diqqət mərkəzində saxlanılacaqdır.

Pensiya təminatı sisteminin yenidən qurulması məqsədi ilə Pensiya islahatı konsepsiyası təsdiq olunmuşdur. Həmin konsepsiya pensiyaların minimum səviyyəsinin müəyyən edilməsini, işləyənlərin fərdi uçotu sisteminin yaradılmasını və pensiyaların təyin olunmasının avtomatlaşdırılmış sisteminin tətbiqini nəzərdə tutur.

Ermənistanın Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi nəticəsində doğma torpaqlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin taleyi daim dövlətin diqqət mərkəzində olmuşdur.

Əhalinin bu təbəqəsinin problemlərini həll etmək üçün 2003-cü ildə yeni Dövlət Proqramı hazırlanmışdır.

Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və ehtiyaclarının təmin edilməsi ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən 265 milyard manat, məcburi köçkünlərin sosial-inkişaf fonduna isə Dünya Bankından 10 milyon dollar vəsait ayrılmışdır.

Müvəqqəti istifadə üçün məcburi köçkünlərə 60 min hektar torpaq sahəsi ayrılmış və onlar burada 760 fərdi fermer təsərrüfatı yaratmışlar. Məcburi köçkünlərə göstərilən kommunal və digər xidmətlərin bütün xərclərini dövlət öz üzərinə götürmüşdür. 2003-cü ildə bu xərclər təxminən 100 milyard manat (artım 40 faiz) təşkil etmişdir. Özlərindən asılı olmayan səbəblərə görə büdcə təşkilatlarında iş yerlərini itirmiş 12 min nəfər məcburi köçkünə orta aylıq əmək haqqı ödənilmişdir.

Neft Fondundan ayrılmış 359 milyard manat vəsait hesabına 2003-cü ildə Goranboy, Ağdam, Füzuli və Biləsuvar rayonlarında bütün zəruri infrastrukturu olan 29 qəsəbə tikilib istifadəyə verilmişdir. Həmin qəsəbələrdə 6076 qaçqın və məcburi köçkün ailəsi yerləşdirilmişdir. Biləsuvar rayonunda 5 çadır düşərgəsi ləğv olunmuşdur.

Bu gün əhalinin işlə təmin olunması ən ümdə məsələlərdən biridir. Keçən il bu sahədə görülmüş tədbirlər nəticəsində iqtisadiyyatda çalışanların sayı 20 min 500 nəfər artmış, o cümlədən 18 min nəfərdən çox vətəndaş məşğulluq xidmətləri vasitəsilə işlə təmin olunmuşdur. Kadrların peşə hazırlığına, işsizliyə görə müavinət verilməsinə 6 milyard manatdan çox vəsait ayrılmışdır ki, bu da 2002-ci ilə nisbətən təxminən 1,5 dəfə çoxdur.

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf proqramı üzrə 2003-cü il üçün nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsinə başlanmışdır.

Hesabat ilində elm, təhsil, səhiyyə və mədəniyyət daha da inkişaf etmiş, bu sahələrə büdcədən təxminən 1 trilyon 700 milyard manat vəsait ayrılmışdır. Bu, bütün büdcə xərclərinin 27,4 faizini təşkil edir və 2002-ci ilə nisbətən 30,3 faiz çoxdur.

1-5-ci sinif şagirdlərinin pulsuz dərsliklər və dərs vəsaiti ilə təmin olunmasından ötrü onların nəşri üçün 15 milyard manat ayrılmış, 57 yeni ümumtəhsil məktəbi tikilmiş, 442 məktəbdə təmir-bərpa işləri görülmüş və bir sıra məktəblər kompüter texnikası, elmi-metodiki vəsaitlə təchiz olunmuşdur.

Lakin bununla belə, təhsil sahəsində tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin texniki təchizatının yaxşılaşdırılması ilə bağlı hələ çox işlər görülməlidir.

Milli Elmlər Akademiyasına elm və texnikanın inkişafı, elmi tədqiqat işlərinin əlaqələndirilməsi, elm sahəsində beynəlxalq əməkdaşlığın təmin edilməsində ali dövlət elmi təşkilatı statusu verilmişdir. Bundan əlavə, Milli Elmlər Akademiyasının 500-dən çox əməkdaşını birləşdirən Naxçıvan bölməsi yaradılmışdır.

Ölkə əhalisinə səhiyyə xidmətlərinin yaxşılaşdırılması məqsədi ilə şəhər və rayon səhiyyə idarələrində struktur dəyişiklikləri aparılmışdır.

Büdcədənkənar vəsait hesabına 30-dan çox tibb müəssisəsində cari və əsaslı təmir işləri görülmüş və onlar müasir tibb avadanlığı ilə təchiz olunmuşdur.

Dünya Bankının krediti hesabına 5 rayonda tibb müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmişdır.

Uzun müddət davam edən yenidənqurma işlərindən sonra Bakıda filarmoniyanın binası istifadəyə verilmiş, Şirvanşahlar sarayı kompleksində, Naxçıvan Muxtar Respublikasında Mömünə xatın və Qarabağlar türbələrində, Şəki xanlarının sarayında bərpa və konservasiya işləri davam etdirilmişdir. Bununla yanaşı, ötən il yaradıcılıq sərgilərinin, festivalların, mədəniyyət günlərinin keçirilməsi, xarici ölkələrlə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür.

Ölkənin müxtəlif bölgələrində Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə çoxsaylı müasir idman kompleksləri tikilməsi gənclərin kütləvi surətdə idmana cəlb olunmasına imkan yaratmışdır.

Turizmin inkişafının Dövlət proqramı çərçivəsində turizm zonaları və marşrutları müəyyən olunmuş, bölgələrdə turizmin maddi-texniki bazası möhkəmləndirilmiş, turizm obyektləri təmir edilmişdir. Bununla yanaşı, turizm sahəsində sahibkarlığın inkişafı nəticəsində xidmətlərin keyfiyyəti yüksəlmiş, ölkəmizə maraq artmışdır.

Ekologiya və təbii ehtiyatlardan istifadə sahəsində 2003-cü ildə Milli fəaliyyət planı çərçivəsində ətraf mühitin qorunmasının gücləndirilməsinə, o cümlədən meşələrin bərpası və səmərəli istifadəsinə, vəhşi və nəsli kəsilməkdə olan heyvanların qorunması və sayının artırılmasına dair işlər davam etdirilmişdir.

2003-cü ildə qoruqların bazasında Ordubad, Şirvan, Ağgöl (Ağcabədi) və Hirkan (Lənkəran) milli parkları, Şahbuz rayonunda qoruq, Qax rayonunda yasaqlıq yaradılmış, habelə Türyançay, Pirqulu, İlisu, Qarayazı və İsmayıllı qoruqlarının sahəsi genişləndirilmişdir.

İxtisaslaşdırılmış xidmətlər də daxil olmaqla, 2003-2010-cu illər üçün Azərbaycanın hidrometeorologiya xidmətinin milli inkişaf proqramı uğurla həyata keçirilir.

Ekzogen proseslərə məruz qalmış zonaların öyrənilməsi davam etdirilir. Zəlzələlərin vaxtını və yerini operativ müəyyənləşdirmək üçün Respublika Seysmoloji Xidmət Mərkəzi üçün 1,6 milyon dollarlıq müasir cihazlar və avadanlıq alınmışdır. Ölkənin müxtəlif bölgələrində 15 seysmik stansiya fəaliyyət göstərməyə başlamışdır.

Baş verə biləcək fövqəladə halların nəticələrini vaxtında və səmərəli şəkildə aradan qaldırmaq məqsədi ilə Mülki Müdafiə İdarəsinin maddi bazasının möhkəmləndirilməsi davam etdirilmiş, regional dəstələrin xüsusi təchizatı üçün 9,3 milyard manat məbləğində zəruri maşınlar, mexanizmlər, əşyalar və avadanlıq alınmışdır.

Keçən il daşqınların, zəlzələlərin və digər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, təbiətin bu kataklizmlərindən zərər çəkənlərə maddi yardım göstərilməsinə, habelə xüsusi texnikanın alınmasına 34,4 milyard manat vəsait ayrılmışdır.

Hörmətli deputatlar!

Hazırda Azərbaycan dünyanın 124 ölkəsi ilə ticarət münasibətləri yaratmışdır. 2003-cü ildə ümumən malların və xidmətlərin xarici ticarət dövriyyəsi 5,2 milyard dollar təşkil etmişdir ki, bu da 2002-ci ilin səviyyəsindən 36,1 faiz çoxdur.

İdxalın strukturunda ərzaq məhsullarının payının əhəmiyyətli dərəcədə azalması müsbət faktdır. Bütünlükdə idxalın həcmi 57,7 faiz artmışdır ki, bu da əsasən, ölkəyə xeyli avadanlıq, maşın, mexanizmlər və istehsal-texniki təyinatlı digər məhsulların gətirilməsi ilə bağlıdır.

Keçən il ixracın həcmi təxminən 20 faiz artaraq 2,6 milyard dollar təşkil etmişdir.

2003-cü ildə gömrük sistemində maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı işlər davam etdirilmişdir. Bu isə yüklərin və insanların sərhəddən keçməsi prosedurunu xeyli sürətləndirməyə, gömrük nəzarətini gücləndirməyə imkan vermişdir.

Əvvəlki illərdə olduğu kimi, 2003-cü ildə də beynəlxalq maliyyə-bank təsisatları və donor ölkələrlə əməkdaşlıq intensiv inkişaf etmişdir.

2003-cü ildə Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Azərbaycana ümumi məbləği 73 milyon dollar olan güzəştli kredit ayırmış, beynəlxalq təşkilatlar və donor ölkələr 50-dən çox layihə və proqramları maliyyələşdirmiş, ölkəmizə texniki yardım və qrant şəklində göstərilən yardımların ümumi məbləği 44 milyon dollardan çox olmuşdur.

Ötən il ABŞ, Avropa İttifaqı, Yaponiya və MDB ölkələri ilə ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədi ilə hüquqi bazanın təkmilləşdirilməsi, ikitərəfli iqtisadi komissiyaların iclaslarının, biznes forumların, sərgi və yarmarkaların təşkili və digər tədbirlər həyata keçirilmişdir.

Hörmətli deputatlar!

Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur və bu baxımdan 2003-cü il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublika Nazirlər Kabinetinin geniş iclasını keçirərək, yaxın illər üçün qarşıda duran prioritet vəzifələri müəyyən etmişdir. Bunlar sahibkarlığı, qeyri-neft sektoru sahələrini və regionları intensiv inkişaf etdirməkdən, daxili bazarı haqsız rəqabətdən qorumaqdan, kommunal islahatları sürətləndirməkdən, ölkədə məşğulluğun səviyyəsini yüksəltməkdən və yoxsulluğu azaltmaqdan, habelə Azərbaycanın qlobal iqtisadi sistemə inteqrasiyası yolu ilə iqtisadiyyatın sürətli inkişafını təmin etməkdən ibarətdir. Yeni iqtisadi siyasətin başlıca istiqamətləri “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli Fərmanının əsasını təşkil etmişdir.

Hörmətli sədr!

Hörmətli deputatlar!

Əldə olunmuş uğurlar Azərbaycanın iqtisadi qüdrətinin durmadan yüksəlməsinə yönəlmiş iqtisadi xəttin düzgünlüyünü sübut edir. Heç şübhəsiz ki, bizim bütün uğurlarımız Prezident Heydər Əliyevin adı ilə bağlıdır. Onun həyatdan vaxtsız getməsi hamımızdan nəzərdə tutulmuş tədbirlərin daha böyük səylə həyata keçirilməsini tələb edir.

Məlum olduğu kimi, 2004-cü il üçün dövlət büdcəsi Milli Məclisin də gərgin əməyi sayəsində vaxtında qəbul olunmuşdur. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) təsdiq edilmişdir. Bu sənədlərdə respublikanın sosial-iqtisadi inkişafının əsas parametrləri müəyyənləşdirilmiş, iqtisadi və struktur islahatlarının sürətləndirilməsi, regionların inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dövlət yardımının artırılması, strateji baxımdan mühüm obyektlərin və infrastrukturun inşası, biznes mühitinin yaxşılaşdırılması, işsizliyin azaldılması, Azərbaycan əhalisinin maddi rifahının yüksəldilməsi kimi çox mühüm vəzifələr irəli sürülmüşdür.

Bu vəzifələrin həyata keçirilməsi üçün artıq zəruri işlərə başlanılmışdır. Cari ilin ilk 2 ayında Azərbaycan ümumi daxili məhsulun artım sürətinə görə (10,2 faiz) MDB məkanında birinci yerdədir. İqtisadi inkişafın digər göstəriciləri də belə deməyə tam əsas verir ki, son illər əldə olunmuş inkişaf dinamikası 2004-cü ildə də davam edəcəkdir.

Hörmətli deputatlar! Sonda icazə verin sizi əmin edim ki, Azərbaycan Hökuməti Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcəkdir.

Diqqətinizə görə sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub

Transxəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb

Azərbaycanda Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri istifadəyə verilib

Ekspert: Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına şərait yaradır

AzTU Azərbaycandan “THE” dünya reytinqinə daxil olan 5 universitetdən biridir

Azərbaycan mətbəxinin ənənəvi dadları Fransada: Bahar Ağamalovanın kulinariya yolu

DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir

Qarabağ: arxeoloji mədəniyyətlər qovşağında - beynəlxalq elmi konfrans

Dövlət Vergi Xidmətinin nümayəndələri beynəlxalq tədbirdə iştirak ediblər

GECF: Avqustda Yaxın Şərqdə təbii qaz və LNG istehsalı illik müqayisədə üçdəbir nisbətində azalıb

Qusarda şəhidlərin xatirəsi anılıb

Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın missiyasının başa çatdığını elan edib

Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib

Qaçırıldığı ehtimal edilən “Flydubai” təyyarəsi Səudiyyə Ərəbistanına enib - YENİLƏNİB

Sahibə Qafarova: 44 günlük Vətən müharibəsində qazanılan Qələbə mühüm tarixi nailiyyətdir

® Startaplar ölkəsi: “ICT Week Uzbekistan” forumunun Mərkəzi Asiyada texnologiya sektorunun inkişafı barədə göstərdikləri

Yaxın Şərqdə gərginliyin artması LNG axınları və qiymətlər üçün əlavə risklər yaradır - HESABAT

Kitab sərgisi, yeni nəşrlər və doktorantura - Elmi Şura

Məhkəmə-Hüquq Şurasının iclasında Hakimlərin Seçki Komitəsinin müraciətinə baxılıb

BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib

Türkiyəli baş məşqçi: Azərbaycan gözəl dostluqlarımın və xatirələrimin olduğu ölkədir – MÜSAHİBƏ

AMEA-da rəqəmsal inkişaf: ilk dəfə Ədəbiyyat İnstitutunda yeni sistem tətbiq olunur

Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb

AMEA ilə Pakistanın Şimal Universiteti arasında anlaşma memorandumu imzalanıb

DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub

Türkiyədə “TEKNOFEST - Cənub-Şərq” festivalı təşkil olunub

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Lənkəranda çəltik biçini davam edir, məhsuldarlıq yüksəkdir VİDEO

Ədəbiyyat İnstitutunun loqotipi yenilənib

Müdafiə naziri: Ordumuzun ən müasir silah sistemləri ilə təchizatına xüsusi əhəmiyyət veririk

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib