AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Fərman əsasında 129 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.
Əfv olunmuşların 42 nəfəri Azərbaycan Respublikasının müstəqilliyinə, ərazi bütövlüyünə və dövlət hakimiyyəti əleyhinə törədilmiş cinayətlərdə iştirak etdiklərinə görə məhkum edilmiş şəxslərdir.
Onlardan 9 nəfəri 1994-cü ilin oktyabr ayında Gəncə şəhərində, 24 nəfəri isə 1995-ci ilin mart ayında Bakı şəhərində, Qazax və Ağstafa rayonlarında qanunvericilikdə nəzərdə tutulmayan silahlı qrupların tərkibində Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərdə iştirak etmişlər.
Bundan əlavə, 2 nəfəri 1993-cü ilin iyun-avqust aylarında Azərbaycanın cənubunda ölkəmizin ərazisini parçalamağa yönəlmiş separatçı hərəkətlərdə iştirak etmiş, digər 1 nəfər 1993-cü ilin oktyabr və 1994-cü ilin avqust aylarında Naxçıvan Muxtar Respublikasında, 1 nəfər isə 1993-cü ildə Samuxda qanunsuz silahlı qrupların tərkibində cinayət törətmiş şəxslərdir.
Həmçinin əfv olunmuşlardan 4 nəfəri 1993-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri cənab Heydər Əliyevin öz qulluq vəzifələrini yerinə yetirməsi ilə əlaqədar həyatına sui-qəsd edən şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilmiş şəxslər bu humanist aktdan düzgün nəticə çıxaracaq, islah olunub tezliklə cəmiyyətə qovuşacaq və Azərbaycan dövlətinin qanunlarına dönmədən əməl edəcəklər.