AZƏRBAYCAN RESPUBLİKASI VƏ RUSİYA FEDERASİYASININ DAĞISTAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLƏRİNİN İŞGÜZAR GÖRÜŞÜ
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov görüşdə çıxış edərək demişdir ki, regional təhlükəsizliyin təmin olunmasında səmimi qarşılıqlı anlaşma, birgə səyləri gücləndirmək niyyəti bir-biri ilə dostluq şəraitində yaşayan xalqlarımızın mənafelərinə uyğundur. O, əmin olduğunu bildirmişdir ki, bu görüş həm Azərbaycanın, həm də Rusiyanın DİN-lərini narahat edən ciddi məsələlərin həllinə nəzərəçarpacaq təsir göstərəcəkdir. Nazir terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya və insan alveri ilə mübarizənin xüsusi aktuallığını vurğulamışdır.
General-polkovnik Ramil Usubov demişdir ki, indiki ikitərəfli əməkdaşlığın bünövrəsi iki prezidentin – Heydər Əliyevin və Vladimir Putinin siyasi iradəsi ilə ifadə olunmuş mehriban qonşuluq və dostluq münasibətləri xəttinə əsaslanır. Bu gün biz hamımız bu xəttin uğurla həyata keçirildiyinin və davam etdirildiyinin şahidiyik.
O, ümummilli liderimiz Heydər Əliyevin böyük siyasi uzaqgörənliklə müəyyənləşdirdiyi strateji tərəfdaşlıq vəzifələrini Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə həyata keçirmək əzmində olduğunu xüsusi vurğulamışdır.
Ramil Usubov ölkədə kriminogen vəziyyətin bəzi meyllərindən danışaraq, rusiyalı həmkarlarına Azərbaycan DİN-in fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, son illər respublikada ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması sahəsində xeyli iş görülmüşdür. Kriminogen vəziyyətə nəzarətin bütün sistemini keyfiyyətcə yenidən qurmaq vəzifələri uğurla yerinə yetirilir. Terrorizmlə, ekstremizm və separatizmlə mübarizə ölkənin digər hüquq mühafizə qurumları ilə sıx əlaqəli şəkildə aparılır. Terrorizmlə bağlı şəxslərin və təşkilatların maliyyə vəsaitlərinin və digər gəlir mənbələrinin dondurulması üçün kompleks tədbirlər həyata keçirilir. Azərbaycanın hüquq mühafizə orqanları digər ölkələrin müvafiq qurumları ilə daimi informasiya mübadiləsi yaratmışlar.
Azərbaycanın daxili işlər naziri qəti əmin olduğunu bildirmişdir ki, təşkilati-əməli və operativ iş sahəsində zəngin təcrübəsi olan Rusiya Federasiyasının daxili işlər naziri general-polkovnik Rəşid Nurqaliyev MDB Ölkələri Daxili İşlər Nazirləri Şurası çərçivəsində birgə fəaliyyətə, müsbət təcrübə toplanmasına və birgə tədbirlər görülməsinə yeni təkan verəcəkdir.
Dağıstan Respublikasının daxili işlər naziri general-leytenant Adilgəray Məhəmmədtahirov çıxışında əməkdaşlıq üçün əlverişli zəmin yaradıldığını vurğulayaraq demişdir ki, bu, şübhəsiz, Rusiya Federasiyası və Azərbaycan Respublikası prezidentlərinin iki xalqın yaxınlaşması yolunda apardığı müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətləri cinayətkar aləmə hüquq mühafizə orqanlarımız üçün problemlər yaratmağa mane olmur. O bildirmişdir ki, nazir kimi onu Rusiya və Azərbaycanın sərhədyanı rayonlarındakı vəziyyət daha çox düşündürür. Odur ki, burada narkotiklər, silah və digər qaçaqmalçılıq malları göndərilməsi kanallarının bağlanması vəzifəsi ön sırada durur.
Dağıstan nazirinin fikrincə, dini ekstremistlərin, qanunsuz silahlı birləşmələrin qanunsuz fəaliyyəti və onların maliyyə kanallarını bağlamaq zəruriyyəti ən aktual problemdir. O, federal və beynəlxalq axtarışda olan xüsusi təhlükəli cinayətkarların tapılıb tutulması üzrə bir neçə birgə uğurlu əməliyyat aparıldığını misal göstərmişdir. Adilgəray Məhəmmədtahirov hər iki ölkə üçün mühüm problemlərin həllinə yönəldilmiş qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra iki ölkə nazirliklərinin ayrı-ayrı bölmələrinin rəhbərləri görüşdə çıxış edərək, hüquq pozuntuları ilə mübarizədə əldə olunmuş nailiyyətlər barədə məlumat vermişlər.