SİYASƏT
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Tbilisidə qeyd olunub
Tbilisi, 9 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən “Azerbaijan Travel Showroom”da Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin keçirildiyi “Azerbaijan Travel Showroom” Azərbaycan Bayrağı və atributları ilə bəzədilib.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. Tədbir iştirakçılarına, turistlərə, eləcə də soydaşlarımıza Azərbaycanın dövlət bayramları barədə məlumat verilib, bukletlər paylanılıb.
Qonaqlar Azərbaycanın milli atributları ilə tanış olub, şəkərbura və paxlavanın dadına baxıblar.
Salona gələn uşaqlar Azərbaycan Bayrağının şəklini çəkiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi