AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ PROKURORLUĞUNDA GENİŞ ƏMƏLİYYAT MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu qaydalarının məhkəmə hüquq islahatları çərçivəsində yenidən qurulması məqsədi ilə prokurorluqda görülən işləri diqqətə çatdıran respublika hərbi prokuroru əvəzi İlham Məmmədov demişdir ki, vətəndaşların müraciətlərinə baxılmasının təşkilinə məsul olan yeni struktur yaradılmış, prokurorluğun bu istiqamətdəki fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlər işlənib hazırlanmış, ərizə və şikayətlərə obyektiv baxılması ilə əlaqədar prokurorluq əməkdaşlarının məsuliyyət hissinin artırılmasına yönəldilmiş təşkilati tədbirlər görülmüşdür. Məhz bunların sayəsində prokurorluğa daxil olan ərizə və şikayətlərin sayının azaldığı, prokurorların şəxsi qəbulunda olan vətəndaşların və icrası təmin olunmuş müraciətlərin isə sayının artdığı diqqətə çatdırılmışdır.
Müşavirədə “Azərbaycan Respublikasında sosial-iqtisai inkişafın sürətləndirilməsi tədbirləri haqqında” dövlətimizin başçısı İlham Əliyevin 2003-cü il 24 noyabr tarixli Fərmandan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dair məruzələr və hesabatlar dinlənilmiş, vətəndaşların müraciətlərinə baxılması sahəsində buraxılmış nöqsanlar ətraflı müzakirə edilmiş, qüsurların aradan qaldırılması və bu istiqamətdə işin səmərəliliyinin yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilmişdir.
Qeyd edilmişdir ki, vətəndaşların müraciətlərinə baxılması zamanı qanunsuzluq, süründürməçilik, biganəlik və qeyri-obyektivlik hallarına yol verən prokurorluq orqanlarının əməkdaşları barəsində ən ciddi intizam tənbehi tədbirləri görüləcəkdir.
Müşavirədə müzakirə olunan məsələ ilə əlaqədar qarşıda duran vəzifələr barədə geniş qərar qəbul edilmişdir.