АZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ İCLASINDA
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, MSK sədri Azərbaycan Prezidenti İlham Əliyevin nəticələri etibarsız hesab olunmuş 10 seçki dairəsində təkrar seçkilərin təyin olunması barədə 2005-ci il dekabrın 9-da Sərəncam imzaladığını diqqətə çatdırmışdır. Sonra o, gündəlikdəki birinci məsələ - Mərkəzi Seçki Komissiyasının 18 oktyabr, 19 oktyabr, 23 oktyabr, 24 oktyabr, 26 oktyabr, 29 oktyabr, 1 noyabr, 4 noyabr, 6 noyabr, 8 noyabr, 9 noyabr və 10 noyabr 2005-ci il tarixli iclaslarının protokollarının təsdiq edilməsinə dair məsələ barədə məlumat vermişdir. Komissiya həmin iclasların protokollarını təsdiqləmişdir.
MSK-nın katibi Natiq Məmmədov üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 9 saylı Biniəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala və 119 saylı Ağdam kənd seçki dairələrində təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planının layihəsini Mərkəzi Seçki Komissiyasının müzakirəsinə təqdim etmişdir. Komissiya Təqvim Planı layihəsinin əsas kimi təsdiqlənməsi haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.