AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN MƏTBUAT KONFRANSI
Mətbuat konfransının aparıcısı jurnalistlərə müraciətlə dedi:
- Xanımlar və cənablar!
Hər vaxtınız xeyir. Marşall Fondunun təşkil etdiyi bu görüşdə Prezident Əliyevin mətbuat konfransına xoş gəlmisiniz. Bizi gözlədiyinizə görə minnətdaram. Məlum olduğu kimi, Prezidentin ölkəsi Azərbaycanda və ümumiyyətlə, regionda canlanma hiss olunur. Azərbaycan sürətlə inkişaf edən dinamik dövlətə çevrilmişdir. İndi dünyada Azərbaycana böyük maraq var. Ona görə də sualların müxtəlifliyi məndə təəccüb doğurmaz. Buyurun, suallarınızı verin.
SUAL: Cənab Prezident, Türkiyəyə səfəriniz zamanı demişdiniz ki, ölkəniz Şimali Kipr Türk Cümhuriyyətini tanıyacaqdır. Amma hələ ki, bu yönümdə addım atılmayıbdır. İkinci sualım, Şimali Kipr Türk Cümhuriyyətinə bu yaxınlarda səfər etmək planınız varmı?
CAVAB: Mənim mövqeyim və Azərbaycanın bu mövzu ilə bağlı mövqeyi dəfələrlə rəsmi qaydada elan olunubdur. Qəzetlərdə dərc edilib, televiziyada yayımlanıbdır. Amma mövzuya maraq o qədər böyükdür ki, jurnalistlər eyni sualı dönə-dönə təkrarlayır və həmişə də eyni cavabı alırlar. Azərbaycanın rəsmi mövqeyi mənim Türkiyəyə səfərim zamanı Türkiyə mətbuat nümayəndələri ilə söhbətimdə bildirilibdir. Ondan sonra mənim bəyanatım və Xarici İşlər Nazirliyinin rəsmi bəyanatı olubdur. Rəsmi mövqe belə idi və belə olaraq qalır. Məlum olduğu kimi, mövqe referendumdan əvvəl bildirilibdir və deyilirdi ki, əgər referendumdan sonra bir tərəf “hə”, digər tərəf “yox” deyərsə, dünyada yeni şərait yaranacaqdır. Bu yeni şəraitdə BMT, beynəlxalq ictimaiyyət problemə münasibətlərində dəyişiklik etməli olacaqdır. Mövzu ilə bağlı mövqelərində dəyişiklik etməli olacaqlar və bu dəyişikliklər edilərkən, Azərbaycan bu beynəlxalq səylərə qoşulan ilk ölkələr sırasında olacaqdır. Elə bilirəm ki, bunu başa düşmək bir o qədər də çətin deyildir. Xüsusilə də nəzərə alsaq ki, bu mövqe bir neçə dəfə təkrar olunubdur.
SUAL: Cənab Prezident, bu gün konfransda çıxışınız zamanı dediniz ki, Avropa Birliyinin Qarabağ münaqişəsi ilə bağlı daha fəal olmasını istərdiniz. ATƏT-in ata bilmədiyi hansı addımları Avropa Birliyindən gözləyirsiniz?
CAVAB: Mən çıxışımda dedim ki, biz mandatla bağlı dəyişiklik etmək istəmirik. ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı mandatı var və münaqişənin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir. Mən dedim ki, beynəlxalq birliyin prosesə daha geniş cəlb olunmasını istərdik. Burada Avropa Birliyi də, Avropa Şurası da, digər beynəlxalq təşkilatlar da nəzərdə tutulur. Artıq bu yönümdə atılan addımları görürük. Avropa Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edir, mövzu ilə bağlı məruzə hazırlanıbdır. Avropa Birliyi Cənubi Qafqaza xüsusi nümayəndəsini təyin edibdir. Onun regiona səfərləri zamanı Ermənistan-Azərbaycan münaqişəsi müzakirə olunur. Biz beynəlxalq birliyin daha geniş iştirakını istəyirik. Biz istəyirik ki, beynəlxalq ictimaiyyət həqiqətlə, reallıqla tanış olsun.
Erməni təbliğatı uzun illər boyu şəraiti onlara sərf edən tərzdə qələmə verirdi. Beynəlxalq ictimaiyyətə yalançı faktlar verilirdi. Bu gün şərait dəyişibdir. Bu gün dünya bilir ki, Ermənistan təcavüzkardır, işğalçıdır. Azərbaycan əraziləri işğal altındadır. Mən elə bilirəm ki, Avropa Birliyinin və digər beynəlxalq təşkilatların rolu çox güclü ola bilər. Onlar prosesə təsir də edə bilərlər, sülh əldə olunduqdan sonra proqramlar da təklif oluna bilər və gələcək müzakirələr də yer ala bilər.
SUAL: Siz Avropa Birliyinin daha fəal iştirakını görmək istədiyinizi bildirdiniz. Qarabağ mövzusunu NATO-nun gündəliyinə çıxarmağı planlaşdırırsınızmı?
CAVAB: Mənim Brüsselə - həm Avropa Birliyinə, həm də NATO-ya səfərim zamanı məsələ müzakirə olunubdur. Bu məsələ bütün səviyyələrdə müzakirə edilibdir. Elə bilirəm ki, bu cür müzakirələrin olması problemi bütün tərəflərin anlaması üçün vacibdir. Amma, əlbəttə ki, ATƏT-in Minsk qrupu sülh danışıqları çərçivəsində bu məsələ ilə məşğuldur. Biz hələ də ümidliyik ki, bu danışıqlar nəticə verəcəkdir.
Bəzən belə görüntü yaradılır ki, güzəştlər olmalıdır. Güzəştlər, əlbəttə ki, danışıqların əsas elementlərindəndir. Bu da o halda mümkün olur ki, hər iki tərəf güzəşt etsin. Azərbaycan Ermənistana məxsus olan heç bir şeyi özündə saxlamır ki, güzəştə də getsin. Bizim ərazi bütövlüyümüz isə güzəşt mövzusu ola bilməz. Ona görə də bizim tərəfdən güzəşt haqqında söhbət gedərsə, güzəştimiz yalnız təhlükəsizlik təminatı ola bilər. Biz heç zaman Dağlıq Qarabağın müstəqil olmasına, yaxud da Ermənistanın bir hissəsi olmasına razılıq verə bilmərik və bu mövqeyimiz dəyişməzdir.
SUAL: Cənab Əliyev, Siz Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya imkanlarını real surətdə necə qiymətləndirirsiniz?
İkinci sual, bu, Sizə Rusiya ilə qarşılıqlı münasibətlərdə mane olmurmu?
CAVAB: Azərbaycan Avratlantik strukturlarına fəal inteqrasiya edir. Biz “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçısıyıq. “Sülh naminə tərəfdaşlıq” proqramından sonra Azərbaycanla fərdi fəaliyyət proqramı çərçivəsində işbirliyi nəzərdə tutulur. Daha dərin inteqrasiya siyasətimiz davam etdiriləcəkdir. Əlbəttə ki, həll olunmamış münaqişə, Ermənistanla Azərbaycan arasında problemin mövcudluğu ciddi problemdir. Bizim beynəlxalq təşkilatlarla münasibətlərimizdə çətinliklər doğurur. Ümid edirəm ki, münaqişə həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.
Rusiya ilə münasibətlərdə Azərbaycanın heç bir problemi yoxdur. Bizim bütün istiqamətlərdə - siyasi, iqtisadi və mədəni sahələrdə çox yaxşı əməkdaşlığımız vardır. Bizim aramızda həll edilməmiş problemlər yoxdur. Siyasi dialoqumuzun səviyyəsi çox yüksəkdir və hər iki ölkənin mənafelərinə uyğundur.