AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Bu gün 11-ci dəfə qeyd etdiyimiz Xəzər neft və qaz sərgisi energetika sənayesinin görkəmli hadisəsidir.
Bu sərgi Azərbaycanın Xəzər regionu ölkələri içərisində güclənən mövqeyini bir daha təsdiq edir. Qətiyyətli və uzaqgörən neft strategiyası Azərbaycanın mövqeyinə yeni qüvvə gətirir.
Bundan əlavə, bu strategiya Azərbaycanın təkcə hasilatçı kimi yox, həm də karbohidrogen məhsullarının dünya bazarlarına daşınmasında mərkəz kimi coğrafi-strateji və coğrafi-iqtisadi önəmini bir daha təsdiq edir.
Yunanıstanın neft və qaz sənayesindəki ən iri iki şirkəti – DEPA və HELLENİK PETROLEUM bu tədbirdə iştirak edir.
Bu ay, bir qədər sonra, Azərbaycana dövlət səfərim zamanı hər iki şirkəti təmsil edən rəsmilər məni müşayiət edən Yunanıstan biznes nümayəndə heyətinin tərkibinə qatılacaqlar. Onlar azərbaycanlı tərəfdaşları ilə ölkələrimiz arasında energetika sahəsindəki münasibətlərlə və Qərbi Avropanı təbii qaz və neftlə təchiz etməkdə əməkdaşlıqla bağlı intensiv danışıqlar aparacaqlar.
Mən qəti əminəm ki, onların növbəti bir neçə gün ərzində sərgi və konfransda iştirakı, müxtəlif vacib fikir mübadilələri və Azərbaycan rəsmiləri ilə məsləhətləşmələr energetika sahəsində Yunanıstan-Azərbaycan əməkdaşlığının yeni erasının əsasını qoyacaqdır.
Bu olduqca mühüm tədbirin verdiyi imkandan istifadə edərək, mən istərdim ki, Zati-aliləri Azərbaycan Prezidentinə, Azərbaycan hökumətinə, sərgidə iştirak edən ölkə və şirkətlərə qazandıqları layiqli uğur münasibətilə ən hərarətli təbriklərimi yetirim.
Konstantinos Stefanopulos
Yunanıstan Respublikasının Prezidenti
1 iyun 2004-cü il.