AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
2004-cü ilin Xəzər neft və qaz sərgisi Sizin Prezidentlik himayənizlə keçirilən ilk sərgidir. Hər il olduğu kimi, Fransa bu tədbirdə də rəsmən iştirak edir.
Fransa üçün bu tədbir Azərbaycana, xüsusilə də mərhum Prezident Heydər Əliyevin başladığı, Sizin yaxından iştirakınızla həyata keçirilən və indi Sizin uğurla davam etdirdiyiniz neft və qaz siyasətinə inamı bir daha nümayiş etdirmək imkanıdır. Bu inam Sizin Prezident seçkilərindən sonra ilk xarici səfəriniz, Fransaya yanvardakı rəsmi səfəriniz zamanı ifadə olunmuşdur.
Azərbaycanın tarixində çox vacib layihənin – Bakı-Tbilisi-Ceyhan kəmərinin əsası qoyulmuşdur. Daha sonra Bakı-Tbilisi-Ərzurum layihəsi nəzərdə tutulur. Bu iki layihə sayəsində Azərbaycan daha əvvəlki kimi qapalı ölkə olmayıb, dünya neft və qaz bazarlarına birbaşa bağlanacaqdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri iqtisadiyyatın şaxələnməsi üçün gərək olan maliyyə axınını tezliklə Azərbaycana gətirəcəkdir.
Fransa bu layihələrin uğurla yerinə yetirilməsi üçün öz səylərini əsirgəməmişdir. Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri konsorsiumlarında, “Şahdəniz” yatağının işlənilməsində lazımi infrastrukturun qurulmasında iştirak etmiş, Fransa bankları vasitəsilə Bakı-Tbilisi-Ceyhan üçün lazım olan kommersiya yatırımının üçdə birini gətirməklə kömək etmişdir. İki ölkənin birgə komissiyasının ilin sonunda Parisdə keçiriləcək dördüncü iclasında birgə qət etdiyimiz yol və qarşımızdakı yeni məqsədlərlə bağlı müzakirələr olacaqdır.
Cənab Prezident, yeni eranın əvvəlində mən Sizə iqtisadiyyatınızı şaxələndirmək və davamlı inkişaf əldə etmək işində tam uğur arzu edirəm. Sentyabrda Parisdə Azərbaycan rəssamları sərgisinin açılışında Sizi səbirsizliklə gözləyən Fransa, ölkənizin inkişafına töhfə verməyə həmişəkindən daha israrlıdır.
Jan-Pyer Raffaren
Fransanın Baş naziri
1 iyun 2004-cü il.