AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İLHAM ƏLİYEVƏ
Biz, Azərbaycan Respublikasının səhiyyə işçiləri Sizə – ümummilli liderimiz Heydər Əliyevin xəttinin layiqli davamçısına ölkəmizdə səhiyyə və təbabətin inkişafına böyük qayğı və diqqət göstərdiyinizə görə səmimi qəlbdən minnətdarlığımızı bildirir, ən müqəddəs arzu və duyğularımızı yetiririk. Dövlət başçısı kimi Sizin fəaliyyət salnamənizdə cəmiyyətin bütün vacib sahələri sırasında səhiyyə və təbabətimizin tərəqqisinə qayğı və diqqətiniz daim hiss olunmaqdadır. Əhalinin sağlamlığına göstərdiyniz qayğı, təbabətimizin inkişafı istiqamətində yüksək təşəbbüskarlıq və uzaqgörənliklə dövlət səviyyəsində həyata keçirdiyiniz böyük əməli tədbirlər, yeni səhiyyə ocaqlarının yaradılması, tibb müəssisələrinin maddi-texniki təchizatı səviyyəsinin yüksəldilməsi, səhiyyəyə dövlət büdcəsindən ayırmaların ildən-ilə artması həkimləri və bütün səhiyyə işçilərini daha yaxşı işləməyə ruhlandırır. Son günlərdə imzaladığınız sərəncamlar ictimai-siyasi həyatın sağlamlaşmasına, o cümlədən səhiyyə sisteminin keyfiyyət göstəricilərinin yaxşılaşmasına, bu sahədə mövcud olan mənfi halların aradan qaldırılmasına yönəldilmişdir və tibb işçiləri tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır.
Son 5 il ərzində səhiyyə işçilərinin əmək haqlarının bir neçə dəfə artırılmasına baxmayaraq, Siz yeni bir Sərəncamınızla səhiyyə sahəsində çalışanların əmək haqlarını 2006-cı il yanvarın 1-dən daha 30 faiz artırırsınız. Səhiyyə sahəsində çalışanlardan nazirliyimizə daxil olan saysız-hesabsız teleqramlarda, telefon zənglərində, mətbuat səhifələrində çıxan materiallarda tibb işçiləri bu qayğıya görə Sizə dərin minnətdarlıqlarını bildirir, bunu səhiyyə işçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirirlər. Onlar bildirirlər ki, səhiyyədə mövcud olan nöqsanlar qısa müddətdə aradan qaldırılacaq, mənfi hallara qətiyyətlə son qoyulacaqdır. Hamı yaxşı dərk edir ki, səhiyyədə korrupsiya yolverilməzdir. Həkim ali məktəbi bitirərkən içdiyi Hippokrat andına bütün ömrü boyu sadiq olmalı, xəstələrə qayğı ilə xidmət etməli, xəstəliklərin yayılmasının qarşısını almalıdır. İndi məhz Sizin qayğınız sayəsində əhalinin sağlamlığının qorunmasına, tibb sahəsində çalışan insanlara göstərdiyiniz böyük diqqət, səmimi qayğı və iltifatınız sayəsində səhiyyə sistemində böyük ruh yüksəkliyi, inamlı yaradıcı əhval-ruhiyyə hökm sürür. Biz möhkəm əminik ki, Azərbaycan səhiyyəsi, Azərbaycan həkimləri vaxtilə malik olduqları nüfuz və hörmətlərini özlərinə qaytaracaqlar.
Bu gün böyük qürur və fəxrlə deyə bilərik ki, ölkənin sosial-iqtisadi inkişafına yönəldilmiş siyasətiniz ardıcıllıqla həyata keçirilir. Biz Sizin fəaliyyətinizi xüsusi diqqətlə izləyir, müdrikliyinizə və uzaqgörənliyinizə heyran oluruq. Respublikanın bu və ya digər guşələrinə səfərləriniz zamanı mütləq hansısa tibb ocağının açılışında və ya yeni tibb ocağının özülünün qoyulmasında iştirak etməyiniz bizi sevindirir. Təbabətlə bağlı bütün fəaliyyətinizi dönmədən dəstəkləyirik.
Ölkəmiz çox böyük siyasi hadisə ərəfəsindədir. Noyabrın 6-da Milli Məclisə seçkilər keçiriləcəkdir. Bu kampaniyaya hazırlığın gedişi göstərir ki, seçkilər tam demokratik şəraitdə və şəffaf olacaq, bu tədbirdə tibb işçiləri yüksək fəallıq nümayiş etdirərək, deputatlığa ən layiqli namizədlərə səs verəcəklər.
Bu isə Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzunu daha da yüksəldəcəkdir.
Möhtərəm cənab Prezident!
Səhiyyə işçilərinin maddi güzəranının yüksəldilməsinə göstərdiyiniz yeni qayğıya görə Sizə bir daha səmimi qəlbdən təşəkkür edir, dövlətimizin qarşısında duran vəzifələrin həyata keçirilməsi naminə möhkəm cansağlığı və xoşbəxtlik arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Respublika səhiyyə ictimaiyyəti adından
səhiyyə naziri Oqtay Şirəliyev.
1 noyabr 2005-ci il.