RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Azərbaycan xalqına ən xoş arzularla sülh və rifah, şəxsən Sizə isə möhkəm cansağlığı, fəaliyyətinizdə böyük müvəffəqiyyətlər diləməkdən məmnunam.
Xüsusi razılıqla qeyd edirəm ki, ötən il əldə olunan və ikitərəfli münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılmasına imkan yaradan, strateji tərəfdaşlıq haqqında razılaşma əməkdaşlığımızın bütün sahələrdə yüksələn xətlə inkişafına şərait yaratdı. Enerji sektorunda qurulmuş işbirliyi qarşılıqlı əlaqələrimizin mükəmməlliyini nümayiş etdirir. Müzakirə etdiyimiz layihələrin konkretləşdirilməsi Azərbaycan Respublikasının Rumıniyanın və Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətinə olan inamımı ancaq gücləndirə bilər.
Sizi əmin etmək istəyirəm ki, Rumıniya Azərbaycan Respublikasının daimi tərəfdaşı olaraq qalır və bu, qarşımıza Azərbaycan Respublikası ilə Avropa və Avratlantika strukturları arasında daha sıx əlaqələr üçün yeni imkanları müəyyən etmək vəzifəsini qoyur.
Eyni zamanda, bütövlükdə Qara dəniz regionunda mövcud olan, o cümlədən Dağlıq Qarabağ kimi uzun müddət həllini gözləyən münaqişələrin dinc yolla nizamlanması prosesində suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi prinsiplərə Rumıniyanın sadiqliyinə əmin ola bilərsiniz.
Cənab Prezident, bir daha Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə təbriklərimi çatdırır, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Trayan Besesku
Rumıniyanın Prezidenti