AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Bu cür “seçkilər” beynəlxalq hüquq normaları, həmçinin Azərbaycan Respublikasının milli qanunvericiliyinə tamamilə zidd olduğundan, habelə təcavüzün, işğalın və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi əhalisinin üçdə bir hissəsini təşkil edən yerli azərbaycanlıların öz torpaqlarından zorla qovulması şəraitinin davam etdiyi bir halda keçirildiyindən heç bir vəchlə qanuni hesab oluna bilməz.
Birinci dəfə deyildir ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində müxtəlif qondarma “seçkilər” keçirir və bu cür qeyri-qanuni hərəkətlər həmişə beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən pislənmişdir. Demokratiya etnik təmizləmə və işğal üzərində qurula bilməz. Beləliklə, separatçıların beynəlxalq ictimaiyyətin aldadılmasına yönəldilmiş bütün cəhdləri iflasa məhkumdur.
Ermənistan tərəfinin bu cür hərəkətləri münaqişənin həlli istiqamətində aparılan mövcud prosesə mənfi təsir göstərəcəkdir. “Baş vermiş fakt” münaqişənin həllinin əsasını təşkil edə bilməz. Nə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərindəki hazırkı vəziyyət, nə də seçkilərin keçirilməsi də daxil olmaqla oradakı mövcud vəziyyətin möhkəmləndirilməsinə yönəldilmiş hər hansı bir hərəkət heç bir halda qanuni hesab oluna bilməz.
Azərbaycan Respublikası yenidən təsdiqləyir ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisində hər hansı bir legitim hakimiyyətin formalaşdırılması yalnız Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in müvafiq qərarları əsasında ədalətli həllini tapandan sonra mümkündür.
24 iyun 2004-cü il.