İQTİSADİYYAT
Azərbaycan Rumıniyanın enerji tənzimlənməsi sahəsindəki təcrübəsini öyrənir
Bakı, 19 iyun, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) idarə heyətinin sədri Samir Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniyada işgüzar səfərdədir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyunun 21-dək davam edəcək səfərin əsas məqsədi Rumıniyanın enerji tənzimlənməsi sahəsindəki təcrübəsinin öyrənilməsi və əldə edilmiş praktiki biliklərin Azərbaycanda tətbiqi mexanizmlərinin təhlil olunmasıdır.
Səfər zamanı nümayəndə heyəti Rumıniyanın yerli enerji təminatçısı OPCOM operatoru, elektrik enerjisinin istehsalı və paylanması ilə məşğul olan “Transelectrica” şirkəti, rumın enerji tənzimləyicisi ANRE (National Regulatory Authority for Energy) və digər qurumlarla ikitərəfli görüşlər keçirib.
Beşgünlük səfər çərçivəsində AERA nümayəndə heyətinin Rumıniyanın müvafiq sahədə fəaliyyət göstərən müxtəlif qurumlarla görüşlər keçirməsi, bu ölkənin elektrik enerjisinin topdansatış bazarı modeli, təşkilati strukturların çalışma mexanizmləri, bazar operatorlarının fəaliyyəti, beynəlxalq səviyyədə əməkdaşlıq platformaları, texniki qaydalar, şəbəkənin inkişaf planları və digər məsələlərlə bağlı yerli təcrübənin öyrənilməsi, yerli ekspertlərlə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.