SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomatı yeni təyinatı münasibətilə təbrik edən Kral Azərbaycan ilə Bəhreyn arasındakı münasibətlərin ənənəvi dostluq xarakteri daşıdığını deyib. O, səfirin bu vəzifədə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafı üçün diplomatik xidmət sahəsindəki təcrübəsindən istifadə edəcəyinə əmin olduğunu bildirib.
Rasim Rzayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bəhreyn Kralına çatdırıb. Səfir diplomatik fəaliyyəti dövründə iki ölkə arasında dostluq münasibətlərinin, işgüzar əlaqələrin daha da möhkəmlənməsi və genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səfir Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, son illərdə həyata keçirilmiş iqtisadi islahatlar, eyni zamanda, ölkəmizin neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr və xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə Krala məlumat verib.
Diplomat Bəhreynin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini daim dəstəklədiyi üçün Krala təşəkkürünü bildirib.
R.Rzayev, həmçinin gələcəkdə hər iki ölkədə diplomatik missiyaların fəaliyyətə başlamasının Azərbaycan-Bəhreyn əlaqələrinin daha da inkişafına təkan verəcəyini vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın inkişafı, Bəhreynin işgüzar dairələrinin nümayəndələrinin Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf layihələrində iştirakı məsələlərindən də söhbət açıb.
Səfir Krala ən xoş arzularını çatdırıb, Bəhreyn xalqına tərəqqi və çiçəklənmə diləyib.
Görüş haqqında məlumatlar Bəhreynin “Əl-Bilad”, “Əl-Vasat”, “Əl-Ayam”, “Əxabar-Əlxalij” qəzetlərində və Bəhreyn Xəbər Agentliyində yayılıb.