SİYASƏT
Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistan XİN başçısına təqdim edib




Bakı, 2 oktyabr AZƏRTAC
Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Merodov Azərbaycan Respublikasının Türkmənistandakı yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Qismət Gözəlovu qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
AZƏRTAC xəbər verir ki, R.Meredov Qismət Gözəlovu Türkmənistana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Nazir Türkmənistanla Azərbaycan arasında tarixi köklərə malik dost və qardaşlıq münasibətlərinin yeni inkişaf mərhələsinə çatdığını, ölkələrimiz arasında son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlərin və strateji tərəfdaşlığımızın ruhuna uyğun olaraq aparılan dialoqun əhəmiyyətini qeyd edib.
Səfir Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ən səmimi salamlarını çatdıraraq, iki ölkə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirib, qarşılıqlı fəaliyyətin və tərəfdaşlığın səmərəliliyini və müsbət dinamikasını vurğulayıb. Xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və kökə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı etdiyini bildirib və bu istiqamətdə səylərini əsirgəməyəcəyini xüsusi vurğulayıb.
Görüşdə həmçinin iki qardaş ölkə arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazir Rəşid Meredov səfir Qismət Gözəlova Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.