Azərbaycan səfirliyi Bosniya və Herseqovinada iftar süfrəsi təşkil edib
Sarayevo, 8 aprel, AZƏRTAC
Bosniya və Herseqovinadakı Dostluq Körpüsü Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin maliyyə dəstəyi ilə Zenitsa şəhərindəki Aliya Nametak adına orta məktəbdə 120 nəfərlik iftar süfrəsi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, iftar süfrəsində Azərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, səfirliyin əməkdaşları, şəhər müftiliyinin nümayəndələri, yerli hakimiyyət orqanlarının təmsilçiləri, sıravi vətəndaşlar iştirak ediblər. İştirakçılar sırasında şəhər sakinləri ilə yanaşı, ətraf kəndlərdəki müsəlman icmalarının nümayəndələri də olub.
Əvvəlcə Dostluq Körpüsü Assosiasiyasının sədri Yasmin İmamoviç və məktəbin direktoru Diana Çerimin təşəbbüsü ilə məktəbin həyətində Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin adından xatirə ağacı əkilib, bu münasibətlə xüsusi barelyef quraşdırılıb.
İftar süfrəsində Qurani-Kərimdən ayələr və Ramazan duaları oxunub. Məktəb şagirdləri boşnak dilində ilahilər və Ramazan ayının fəzilətlərinə həsr olunmuş şeirlərdən nümunələr ifa ediblər.
Yasmin İmamoviç çıxışında Azərbaycan səfirliyinin artıq ikinci ildir ki, sülh və qardaşlıq ayı olan müqəddəs Ramazan ayında Bosniya müsəlmanları üçün iftar süfrəsi açdığını qeyd edib. Bildirib ki, səfirliyin bu təşəbbüsünün mühüm mənəvi dəyəri var. Burada toplanan insanlar Azərbaycanı uzaq Bosniya və Herseqovinada yaşayan müsəlmanlar üçün dost və qardaş ölkə görür, böyük insani və mənəvi dəstək hiss edirlər.
İftar süfrəsinə toplaşanları salamlayan Vilayət Quliyev Bosniya və Herseqovinada xalqımıza göstərilən böyük maraqdan, həqiqi dostluq və qardaşlıq hisslərinin açıq şəkildə ifadə olunmasından məmnunluğunu ifadə edib. Azərbaycan haqqında qısa məlumat verən səfir İslam dünyasının hər yerində olduğu kimi ölkəmizdə də Ramazan bayramının geniş qeyd edildiyini, sülh və qardaşlıq, qarşılıqlı yardım və mənəvi kamillik imtahanına çevrildiyini vurğulayıb. Bosniya və Herseqovinanın yalnız dini mənsubiyyət deyil, tarix və tale baxımından da Azərbaycana yaxın ölkə, strateji tərəfdaş olduğunu xüsusi qeyd edən diplomat müqəddəs Ramazan bayramı günlərində sadə bosniyalılarla birlikdə, eyni bayram süfrəsi ətrafında olmaqdan böyük məmnunluq duyduğunu diqqətə çatdırıb və iştirakçıları bayram münasibətilə təbrik edib.
Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü şəhər müftiliyi, yerli hakimiyyət qurumları, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib və minnətdarlıq ifadə olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo