AZƏRBAYCAN SƏFİRLİYİ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ SEMİNAR TƏŞKİL ETMİŞDİR
Səfir Rafael İbrahimov seminarı giriş sözü ilə açaraq, seminarın xalqımızın dahi oğlu, görkəmli siyasətçi, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin xatirəsinə həsr olunmuş ilk illik tədbir olduğunu xatırlatmış, Prezident İlham Əliyevin ölkəmizdə davam etdirdiyi iqtisadi və siyasi islahatlar barədə ətraflı məlumat vermişdir.
Rusiya səfiri Qriqori Karasin, Qazaxıstan səfiri Yerlan İdrisov və Gürcüstan səfiri Amiran Kavadze seminarda çıxış edərək, Prezident Heydər Əliyevin təkcə Azərbaycanda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu vurğulamış, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən, iqtisadi və siyasi əməkdaşlıq məsələlərindən bəhs etmişlər.
Azərbaycanda fəaliyyət göstərən çoxmillətli bp şirkətinin nümayəndəsi Mayk Bilbo, öz növbəsində, həm bu şirkətin, həm də digər xarici şirkətlərin respublikamızda hökm sürən iqtisadi mühitdə fəaliyyətindən, iqtisadiyyatın neft və qaz sahələrinə dair mühüm layihələrə vaxtilə Prezident Heydər Əliyevin xüsusi diqqət və qayğısından danışmışdır.
Daha sonra seminar iştirakçıları Avropa Yenidənqurma və İnkişaf Bankı Direktorlar Şurasının üzvü, Azərbaycan üzrə direktor Loran Giyin Bank tərəfindən ölkəmizdə maliyyələşdirilən layihələr barədə çıxışını dinləmişlər.
Seminarda Azərbaycanda illik neft və qaz konfransının təşkilatçısı olan “Caspian Events Ltd” şirkətinin icraçı direktoru xanım Syuzan Kroç və Britaniya parlamentinin üzvü, Azərbaycan-Britaniya Partiyalararası qrupun sədr müavini Con Makvilyam da çıxış etmişlər. Azərbaycana səfər zamanı əldə etdiyi xoş təəssüratlarını da bölüşən Con Makvilyam demişdir ki, Prezident Heydər Əliyevin apardığı müdrik siyasət nəticəsində Azərbaycan, keçmiş sovetlər məkanında yeganə dövlətdir ki, mərhələli olaraq, makroiqtisadi nailiyyətlər əldə etmişdir.
Seminarın sonunda natiqlər çoxsaylı suallara ətraflı cavab vermişlər.
Tədbirdə Britaniya parlamentinin hər iki palatalarının üzvləri, Avropa
Yenidənqurma və İnkişaf Bankının direktorları, Britaniya hökumətinin nümayəndələri, Londonda akkreditə olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq iqtisadi və maliyyə qurumlarının, hüquq şirkətlərinin təmsilçiləri və başqaları iştirak etmişlər.