AZƏRBAYCAN “SƏYAHƏT VƏ TURİZM” BEYNƏLXALQ MOSKVA SƏRGİSİNDƏ İŞTİRAK EDİR
Bu mötəbər sərgidə iştirak etmək üçün Azərbaycan gənclər, idman və turizm nazirinin müavini Teymur Mehdiyevin başçılığı ilə nümayəndə heyəti Moskvaya gəlmişdir.
Sərgidə respublikamızın turizm sahəsində imkanları əks olunan stend nümayiş etdiriləcəkdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sərginin açılışı ərəfəsində Teymur Mehdiyev Dünya Turizm Təşkilatının “XXI əsrdə turizm istiqamətlərinin marketinqi” mövzusunda keçirdiyi seminarda iştirak etmişdir. Seminarda dövlətlərin bu sahədə daha səmərəli əməkdaşlığı, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların fəaliyyəti, dövlət və özəl qurumların turizm sahəsində əməkdaşlığı məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Teymur Mehdiyev bildirmişdir ki, belə mötəbər beynəlxalq sərginin açılışı ərəfəsində bu cür tədbirin keçirilməsi bütün ölkələrdə, o cümlədən Azərbaycanda turizmin inkişafı üçün çox aktual və mühüm hadisədir. Onun sözlərinə görə, seminarda müxtəlif turizm istiqamətlərinin əsas meylləri, konsepsiyaları və marketinqinin əhəmiyyəti aydınlaşdırılmışdır. T.Mehdiyev demişdir: “Bu cür tədbirlərdə iştirak Azərbaycana dünyanın aparıcı ölkələrinin turizm sahəsində təcrübəsini, turizm bazarının konyunkturunu öyrənmək imkanı verməklə yanaşı, Azərbaycanın Dünya Turizm Təşkilatına daxil olan ölkələrlə daha sıx əməkdaşlığına müsbət təsir göstərir”. O bildirmişdir ki, son illər Azərbaycanda turizm inkişaf edir və ölkə iqtisadiyyatının öncül istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanda turizmin sürətlə inkişafı dövlətin sosial-iqtisadi islahatlar siyasəti nəticəsində mümkün olmuşdur. T.Mehdiyev vurğulamışdır ki, bu baxımdan Azərbaycan Prezidentinin təsdiq etdiyi “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi əhəmiyyət kəsb edir. Ölkə rəhbərliyinin həyata keçirdiyi tədbirlər kompleksi iqtisadiyyatın bütün sahələrinin, o cümlədən turizmin inkişafına müsbət təsir göstərir. Onun sözlərinə görə, Gənclər, İdman və Turizm Nazirliyi Dövlət Proqramına uyğun olaraq, daxili və xarici turizmin inkişaf etdirilməsini, habelə müasir infrastrukturların yaradılmasını fəaliyyətinin öncül istiqamətlərindən sayır. Nazirliyin qarşıya qoyduğu digər vacib vəzifələrdən biri də Azərbaycanın turizm sənayesinə diqqəti cəlb etmək, habelə onu dünya standartları səviyyəsinə qaldırmaqdır.