Azərbaycan Silahlı Qüvvələr Günü Gürcüstanda qeyd olunub
Tbilisi, 26 iyun, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələr Günü Gürcüstanın paytaxtı Tbilisidə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, hərbi attaşe aparatının və səfirliyin əməkdaşları Tbilisinin mərkəzindəki Heydər Əliyev adına parkda Ümummilli Liderin xatirəsini ehtiramla yad edib, büstünün önünə gül dəstələri düzüblər.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlərimizin ailə üzvləri və yaxınları da iştirak ediblər.
Səfir Dursun Həsənov və hərbi attaşe Fuad İbrahimov tədbir iştirakçılarını Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibətilə təbrik edib, onlara uğurlar diləyib.
Dursun Həsənov tədbir iştirakçılarına Azərbaycan Silahlı Qüvvələrinin tarixi və keçdiyi şərəfli yol barədə məlumat verib.
Fuad İbrahimov Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Gürcüstandan olan şəhidlərimizə göstərilən diqqət və qayğıdan söz açıb, onların bəzilərinin Azərbaycan dövləti tərəfindən orden və medallarla təltif olunduqlarını bildirib.
Gürcüstandan olan Dağlıq Qarabağ və 20 Yanvar faciəsi şəhidlərinin yaxınları Azərbaycan Silahlı Qüvvələri Gününü qeyd etməkdən qürur duyduqlarını bildirib, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi