AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ DÖVLƏTİMİZİN ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏK İQTİDARINDADIR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, tədbirdə respublika ictimaiyyətinin təmsilçiləri, ziyalılar, dövlət xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri və hərbi attaşeləri iştirak etmişlər.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev təntənəli mərasimdə çıxış edərək, Azərbaycan Silahlı Qüvvələrinin 86 il ərzində keçdiyi döyüş və mübarizə yolundan danışmışdır. Silahlı Qüvvələrimizin bugünkü vəziyyətindən bəhs edən nazir, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı rolunu xüsusi qeyd etmiş və Azərbaycan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi vurğulamışdır.
General-polkovnik S.Əbiyev dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin Gəncədə “N” hərbi hissəsindəki görüşü zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar dediyi “bəzən səslər eşidilir ki, bu məsələdə kompromis olmalıdır... Bu məsələdə, torpaq məsələsində heç bir kompromisdən söhbət gedə bilməz” sözlərinə münasibət bildirərək demişdir: “Mən xalqımızı və Prezidentimizi əmin edirəm ki, Azərbaycan Silahlı Qüvvələri bu siyasəti tam dəstəkləyir. Biz torpaqlarımızın bir qarışını da düşmənə verməyəcəyik. Azərbaycan Silahlı Qüvvələri dövlətimizin ərazi bütövlüyünü bərpa etmək iqtidarındadır”.
Mərasim Azərbaycan incəsənət xadimlərinin iştirak etdiyi bədii proqramla başa çatmışdır.