Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə ukraynalı pilotla görüş keçirilib
Kiyev, 26 iyun, AZƏRTAC
26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndə heyəti Dağlıq Qarabağ müharibəsinin iştirakçısı ukraynalı pilot, ehtiyatda olan polkovnik-leytenant Aleksey Şvaryova baş çəkib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfir Elmira Axundova, hərbi attaşe polkovnik İlqar Ağayev, hərbi attaşenin baş köməkçisi polkovnik-leytenant Emil Allahverdiyev ukraynalı pilotla birgə Kiyevdə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
E.Axundova ukraynalı pilota işğalçı Ermənistan ordusuna qarşı döyüşlərdə göstərdiyi şücaətə görə təşəkkürünü bildirib və vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə bir çox ukraynalı könüllü iştirak edib. Bu, bir daha onu göstərir ki, Azərbaycan və Ukrayna xalqları arasında qardaş, dost münasibətlər olub və bu gün də davam edir.
Səfir ordu quruculuğu işində Heydər Əliyevin misilsiz rolundan söhbət açıb, Milli Ordumuzun inkişafında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.
Göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirən A.Şvaryov Dağlıq Qarabağ münaqişəsi zamanı keçdiyi döyüş yolundan bəhs edib.
Qeyd edək ki, A.Şvaryov Rafael Şirinov ilə bir heyətdə Ağdam, Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt onların helikopteri vurulub. R.Şirinov helikopterdən tullansa da, A.Şvaryov ermənilərə əsir düşüb. Lakin o, sonradan əsirlikdən xilas edilib. A.Şvaryov daha sonra Hüseyncan Əzimovla birgə Pilotların Tədris Mərkəzini yaradaraq neçə-neçə pilotun yetişməsində xidmət göstərib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev