AZƏRBAYCAN TEATR GÜNÜ QEYD OLUNMUŞDUR
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə müsəlman Şərqində ilk dünyəvi teatr çırağını yandıran Azərbaycan peşəkar teatrının zaman keçdikcə şaxələnərək ayrı-ayrı müstəqil teatrların yaranmasına gətirib çıxarmasından və ölkəmizin mədəni və ictimai-siyasi həyatında oynadığı böyük roldan, milli təfəkkürün inkişafında, xalqın özünüdərkində göstərdiyi əvəzsiz xidmətlərindən danışılmışdır.
Sonra 2003-cü il teatr mövsümündə qazandıqları sənət uğurlarına görə C.Cabbarlı adına Dövlət teatr muzeyinə, Dövlət “Yuğ” Teatrının aktyoru Məmmədsəfa Qasımova, Bakı Bələdiyyə Teatrının aktrisası Səmayə Sadıqovaya, teatrşünaslar Cəlil Vəzirova və Beta Nadirovaya, əməkdar rəssam Nazim Bəykişiyevə, Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Qənirə Kərimovaya, rejissor, xalq artisti Cənnət Səlimovaya və H.Cavidin “Ana” tamaşasına görə Mingəçevir Dövlət Dram Teatrına ənənəvi “Qızıl Dərviş” mükafatları verilmişdir.
Xalq artistləri Nəsibə Zeynalova, Firəngiz Şərifova, Şəfiqə Məmmədova, Fuad Poladov, Səyavuş Aslan, Azər Rzayev və sənətşünaslıq doktoru, professor İlham Rəhimli Teatr Xadimləri İttifaqının yeni təsis etdiyi “Teatr xadimi” qızıl medalı ilə mükafatlandırılmışlar.
Tədbir Dövlət Mahnı Teatrının hazırladığı bayram konserti ilə başa çatmışdır.