Azərbaycan Tələbə Liqasında mövsümün yekunları müzakirə olunub
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
ATFF-dən AZƏRTAC-a bildirilib ki, qurumun prezidenti Firudin Qurbanov tələbə futbolunun 2026-cı il mövsümünə dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib. Federasiyanın 2026-2030-cu il İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib.
ATFF İctimai Birliyinin baş katibi Lətif Novruzov Azərbaycan Tələbə Liqasının 2025/2026-cı illər mövsümünün fəaliyyətinə dair yekun hesabatı səsləndirib. Eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında təşkil olunan "Novruz kuboku" regional futzal turnirinin uğurla keçirildiyini qeyd edib.
İcraçı direktor Elnur Abdullayev iyulun 15-25-də İtaliyanın Salerno şəhərində keçiriləcək Avropa Universitetləri Oyunlarında ölkəmizi təmsil edəcək komandanın yarışa hazırlıq prosesi barədə məlumat təqdim edib.
İclasda iştirak edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev tələbə futbolunun inkişafı istiqamətində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndirib və Avropa Universitetləri Oyunlarında ölkəmizi təmsil edəcək komandaya uğurlar arzulayıb.
Daha sonra İcraiyyə Komitəsinin üzvləri gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Tələbə Liqasının cari vəziyyəti, liqanın ölkədə tələbə futbolunun inkişafına bəxş edəcəyi töhfədən danışılıb. Müzakirələr zamanı növbəti illər üçün tələbələr arasında keçiriləcək beynəlxalq yarışlara ali təhsil müəssisələrinin tələbələrindən ibarət yığmaların iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.