AZƏRBAYCAN TİCARƏT VƏ SƏNAYE PALATASININ PREZİDENTİ SÜLEYMAN TATLIYEVİN ÇIXIŞI
Hörmətli qonaqlar!
Hörmətli xanımlar və cənablar!
Bu gün burada, Bakıda ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan İdman-Konsert Kompleksində “Xəzər neft və qaz – 2004” beynəlxalq sərgi və konfransı 11-ci dəfədir öz işinə başlayır. İcazə verin, sərginin iştirakçılarını və bütün qonaqları Azərbaycan Ticarət və Sənaye Palatası adından səmimi salamlayım və “Xoş gəlmisiniz!” deyim.
Bu gün çox sevinirik və bizim üçün böyük şərəfdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin ənənəsinə sadiq qalaraq, sərginin açılış mərasimində iştirak edir. İcazənizlə, hamımızın adından onu ürəkdən salamlayır və bu tədbirin açılış mərasiminə gəldiyinə görə öz dərin təşəkkürlərimizi bildirirəm.
Açılış mərasimində sərgidə təmsil olunan bir sıra ölkələrin yüksək səviyyəli dövlət xadimləri, nümayəndə heyətləri iştirak edirlər. Biz onları da Bakıda ürəkdən salamlayırıq.
Bu sərgi nəinki Xəzər regionunda, həm də bütün dünyada energetika sahəsində təşkil olunan beynəlxalq sərgilərin ən önəmlilərindən birinə çevrilmişdir. Bunun əsas səbəbi isə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında işlənib hazırlanmış dünya iqtisadiyyatına inteqrasiya siyasəti, neft yataqlarının işlənilməsi üzrə dövlət strategiyasıdır. O da əlamətdar bir faktdır ki, məhz onun təşəbbüsü ilə ilk dəfə bu sərgi 1994-cü ildə, neft yataqlarımızın birgə işlənilməsi üzrə “Əsrin müqaviləsi” adlandırdığımız birinci müqavilənin imzalanması ərəfəsində təşkil olunmuşdu.
Bu il sərgidə 30-a yaxın ölkədən 340-dək şirkət iştirak edir. Bu isə keçən ildəkindən çoxdur. Fərəhləndirici haldır ki, bu gün burada 66-dan çox yüksək təcrübəyə malik olan yerli şirkət və təşkilat da təmsil olunur. Bugünkü sərgidə nəinki dünyanın ən iri neft və qaz şirkətləri, eyni zamanda, çoxlu sayda orta, hətta kiçik şirkətlər də iştirak edir.
Bildiyiniz kimi, sərgi günlərində geniş tərkibdə elmi-praktik konfrans da keçiriləcəkdir. Bu sərgi və konfrans respublikanın energetika sahəsinin inkişafına yönəldilmiş əməli tədbirlərdən biridir. Hörmətli Prezidentimiz İlham Əliyev bizə bu sərginin yüksək səviyyədə keçirilməsi üçün lazımi tövsiyələr vermiş və mənəvi dəstək göstərmişdir. Bu dəstəyin real təzahürünü siz Prezidentin sərgi iştirakçılarına ünvanlanmış və sərginin kataloqunda çap olunmuş məktubunda da görə bilərsiniz.
Əziz sərgi iştirakçıları!
Biz ümidvarıq ki, həmişə olduğu kimi, bu sərgi və konfrans günlərində də yeni görüşlər və müzakirələr nəticəsində işgüzar əlaqələr daha da möhkəmlənəcək və yeni-yeni əməkdaşlıq layihələrinin əsası qoyulacaqdır. Bu işdə sizin hamınıza böyük uğurlar diləyirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
(Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsinin birinci səhifəsində dərc olunmuşdur).
X X X
Sonra Türkiyənin energetika və təbii ehtiyatlar naziri Mehmet Hilmi Gülər çıxış etdi.