Azərbaycan Turizm və Menecment Universiteti qastronomiya turizmi üzrə mütəxəssislər hazırlayacaq
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) qastronomiya turizminin inkişafına töhfə verəcək müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanmasını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Qarabağda turizmin davamlı inkişafı və ölkənin turizm potensialının genişləndirilməsi isə bu sahələr üzrə ixtisaslı kadr hazırlığının əhəmiyyətini artırır.
Universitetdən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turizm, mehmanxanaçılıq, qida və içki xidmətlərinin idarə edilməsi, kulinariya, tədbirlərin təşkili, marketinq və xidmət menecmenti istiqamətlərində təhsil alan tələbələr milli mətbəxin beynəlxalq turizm məhsuluna çevrilməsi üçün zəruri bilik və səriştələr əldə edirlər. ATMU Azərbaycan ali təhsil məkanında qastronomiya ixtisasının yaradılması ilə bağlı xüsusi təşəbbüslə çıxış edib. Bu təşəbbüs qastronomiya turizminin və qastrodiplomatiyanın inkişaf etdirilməsi, habelə turizm sektorunun artan tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məqsədi daşıyır.
Mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf etmiş ölkələrin təcrübəsi və əmək bazarında mütəxəssislərə tələbatın aşkar olunması məqsədilə aparılan araşdırmanın nəticələri göstərib ki, müasir dövrdə qonaqpərvərlik təhsilini dünya standartlarına uyğunlaşdırmaq, keyfiyyətini artırmaq, yerli və beynəlxalq turizm və qonaqpərvərlik əmək bazarlarında rəqabətqabiliyyətli kadrlar hazırlamaq zərurəti yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını labüd edib. Universitet tərəfindən aparılan araşdırmalar göstərib ki, müasir dövrdə qonaqpərvərlik təhsilinin dünya standartlarına uyğunlaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və yerli, eləcə də beynəlxalq əmək bazarında rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə ATMU-da “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Təsnifatı”na qastronomiya və kulinariya ixtisasının əlavə olunması ilə bağlı təkliflərin hazırlanması üçün işçi qrup yaradılıb. Qrup tərəfindən beynəlxalq təcrübə araşdırılıb, müvafiq sahədə fəaliyyət göstərən rəhbərlər, sahibkarlar, işəgötürənlər və əməkdaşlarla sorğular, müsahibələr keçirilib və nəticələr təhlil olunub.
Araşdırma çərçivəsində xüsusilə İtaliya, Fransa, Böyük Britaniya, ABŞ və Türkiyənin qastronomiya təhsili və turizmi sahəsindəki təcrübəsi öyrənilib. Əmək bazarının tələbləri nəzərə alınaraq hazırlanmış təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hazırda bu istiqamətdə görülən işlərin yekunlaşdırılması nəzərdə tutulur.
Qarabağ regionunda turizmin sürətli inkişafı müxtəlif istiqamətlər üzrə peşəkar insan resurslarına olan tələbatı artırır. Burada ilk növbədə turizm menecerləri, mehmanxana və qonaqpərvərlik üzrə mütəxəssislər, peşəkar bələdçilər, turizm marşrutlarının planlaşdırılması üzrə ekspertlər, tədbir menecerləri, ekoturizm və kənd turizmi üzrə mütəxəssislər, gastronomiya və xidmət sahəsi əməkdaşları, rəqəmsal marketinq və turizm texnologiyaları üzrə peşəkarlar xüsusi əhəmiyyət kəsb edir. Universitet bu istiqamətdə əmək bazarının tələblərini nəzərə alaraq təhsil proqramlarını daim yeniləyir, regionun turizm potensialına uyğun kadr hazırlığına üstünlük verir. Qarabağın zəngin tarixi, mədəni və təbii irsinin beynəlxalq turizm bazarında uğurla təqdim olunması üçün xarici dilləri bilən, rəqəmsal bacarıqlara malik və dayanıqlı turizm prinsiplərini mənimsəmiş mütəxəssislərin hazırlanması prioritetlərdəndir.
Müxbir – Tünzalə Zeyvəliyeva