AZƏRBAYCAN-TÜRKİYƏ HƏRBİ ƏMƏKDAŞLIĞI ƏTRAFINDA FİKİR MÜBADİLƏSİ APARILMIŞDIR
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 1-də müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı maddi-texniki təminat rəisi general-polkovnik Cahid Sarsılmaz ilə görüşmüşdür. General-polkovnik Səfər Əbiyev qonağı salamlayaraq qeyd etmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra Türkiyə onu tanıyan ilk dövlət olaraq ölkəmizi bu günə qədər bütün sahələrdə dəstəkləməkdədir.
Müdafiə naziri demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu birliyi və qardaşlığı müdrikcəsinə “bir millət, iki dövlət” şəklində ifadə edərək, onun əbədi olduğunu təsdiqləmişdir. Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi əməkdaşlıq sahəsində sıx münasibət qurduğuna görə türk xalqına, Türkiyə dövlətinin və Silahlı Qüvvələrinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
General-polkovnik Cahid Sarsılmaz səmimi qəbul üçün Səfər Əbiyevə təşəkkür edərək Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkökün salamlarını ona çatdırmışdır.
Sonra Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlığının perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmış və general-polkovnik Səfər Əbiyev səmimi salamlarını Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi ordu generalı Hilmi Özkökə çatdırmağı xahiş etmişdir.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Ömər Bayraqlı iştirak etmişdir.