Azərbaycan Türkiyədə keçirilən “səhiyyə xərclərinin izlənilməsi” mövzulu subregional görüşdə təmsil olunub
Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 4-dən 6-dək Türkiyənin İstanbul şəhərində “Səhiyyə hesabları sistemi 2011 metodologiyasından istifadə olunmaqla səhiyyə xərclərinin izlənilməsi üzrə 5-ci subregional Avropa görüşü” keçirilib.
AZƏRTAC Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə istinadla bildirir ki, ÜST-nin Səhiyyə Sisteminin Maliyyələşdirilməsi üzrə Barselona ofisi tərəfindən ÜST-nin Baş Qərargahının dəstəyi ilə həyata keçirilən tədbir Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində səhiyyə xərclərinin izlənməsi ilə bağlı müzakirələrin aparılması məqsədilə təşkil olunub.
16 Şərqi Avropa və Mərkəzi Asiya ölkəsindən 80-ə yaxın iştirakçının qatıldığı görüşdə ÜST-nin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və Dövlət Statistika Komitəsinin nümayəndələri iştirak edib.
Üç gün davam edən tədbirdə iştirakçılar tərəfindən ÜST-nin Avropa regionunda səhiyyə xərclərinin izlənilməsinin bu sahədə qərar verməyə təsiri, səhiyyə hesabları sisteminin (SHS) istifadəsinə dair müxtəlif ölkələrin təcrübəsi və digər məsələlər öyrənilib.
Tədbirin yekununda gələcək addımların atılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edilib ki, ÜST Azərbaycanda səhiyyə xərclərinin izlənilməsinin institusionallaşdırılmasına texniki dəstək göstərməyə davam edir.