Azərbaycan-türkmən ədəbi əlaqələri Məhtimqulu yaradıcılığı kontekstində yüksək səviyyəyə çatdı
Bakı, 10 aprel, AZƏRTAC
Hər xalqın dünyəvi təmsilçisi sayılan bir klassik şairinin adını çəkmək imkan verir ki, o xalqın ədəbiyyatı haqqında müəyyən təəssürat alaq. Məsələn, Türkiyə klassiki Yunus Əmrə, Azərbaycan klassiki Nizami Gəncəvi, özbək klassiki Əlişir Nəvai, qazax klassiki Abay, türkmən klassiki Məhtimqulu Fəraqi... Bu adlar təmsil etdikləri xalqın ədəbiyyatının, mənəviyyatının Ana sözüdür.
Məhtimqulu Fəraqi yaradıcılığına dəfələrlə müraciət etməyimizin əsas səbəblərindən biri onun ruhundakı, nəfəsindəki xalq məhəbbəti, xalqının azadlıq carçısı kimi fədakarlığı, dünyada xalqların mənəvi-siyasi birliyinin böyük müdafiəçisi, carçısı və yüksək poetik düşüncəsi, bənzərsiz şeiriyyəti, xalq ruhundan qidalanan poeziyasıdır. Millilik kontekstində bəşəri ideyaları poeziya dilində yazmaq dahilərin cürətidir. Bundan əvvəl “Məhtimqulu ədəbi irsinə yeni elmi-nəzəri baxış”, “Azərbaycan ədəbiyyatşünaslığında Məhtimqulu ədəbi irsinin müstəqillik illərində öyrənilməsi və tədqiqi”, “Məhtimqulu Fəraqi yaradıcılığında deyişmələr” və s. mövzularda yazdığımız məqalələrlə klassik sənətkarın yaradıcılığına işıq sala bilmişik. Dəfələrlə Türkiyədə, Daşkənddə, Aşqabadda “Türkmən ədəbiyyatı və Məhtimqulu Fəraqi” mövzularında beynəlxalq elmi konfranslarda məruzələrimiz dinlənilib. Türkiyədə keçirilən beynəlxalq elmi konfransın ən yüksək mükafatına - türkmən xalçası mükafatı Azərbaycan adına təqdim edilib. Məhtimqulu Fəraqi haqqında yazılmış dissertasiyalara rəsmi opponent, rəsmi rəyçi kimi, elmi məsləhətçi kimi mütəmadi çıxışlarımız olur.
Bunu AZƏRTAC-a müsahibəsində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova) deyib. O bildirib ki, müstəqillik illərində Azərbaycan qardaş türk xalqları ilə əlaqələrini daha geniş və sıx şəkildə qurmağa nail olub. Ədəbiyyat İnstitutunda 2016-cı ildə “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” adlı yeni şöbənin yaradılması türkmən ədəbiyyatını daha geniş və əlaqəli şəkildə öyrənmək üçün stimul oldu. Azərbaycan-türkmən ədəbi əlaqələri ilə bağlı elmi işlərin hamısı məhz bu şöbənin fəaliyyətinin bir hissəsi kimi dəyərləndirilə bilər. Bu mənada qardaş türkmən xalqının klassiki Məhtimqulu Fəraqi yaradıcılığı kontekstində ədəbi əlaqələr yüksək səviyyəyə çatdı. Artıq hər ilin may ayında “Məhtimqulu Fəraqi” günləri qeyd edilir, bu çərçivədə beynəlxalq elmi konfranslar, poeziya günləri, klassik şairin əsərlərinin və ya haqqında Azərbaycanda yeni nəşr olunmuş kitabların təqdimat tədbirləri keçirilir.
“Bir məsələni xüsusilə diqqətə çatdırmağı mənəvi borc bilirəm. Akademik İsa Həbibbəylinin təşkilatçılığı və rəhbərliyi ilə bu tədbirlər yeddi ildir ki, mütəmadi şəkildə reallaşır. Akademik səviyyədə Məhtimqulu Fəraqinin xatirəsi hər il bayram kimi qeyd olunur. Professor Pənah Xəlilovun, akademik İsa Həbibbəylinin, professor Firuzə Ağayevanın (Əhmədova), professor Paşa Əlioğlunun, professor Ramiz Əskərin, professor Elman Quliyevin, dosent Elmira Məmmədova-Kekecin, dosent İsmixan Osmanlının, dosent Töhfə Talıbovanın və başqalarının adlarını xüsusilə qeyd etmək istərdik”, - deyə alim qeyd edib.
Almaz Ülvi Azərbaycan-Türkmənistan ədəbi əlaqələri ilə bağlı keçirilmiş elmi konfransları da diqqət çatdırıb. Bu sırada “Türkmənistanın Dirçəliş, Birlik və Məhtimqulu günləri”, “Məhtimqulu Fəraqi Azərbaycan-Türküstan qardaşlığının rəmzi kimi”, “Məhtimqulu və Türk dünyası”, Türkmənistanın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə “Məhtimqulu Fəraqinin yaradıcı irsi və ümumbəşəri dəyərlər” mövzularında və digər beynəlxalq elmi konfransları qeyd edib. Eyni zamanda, klassik türkmən şairi haqqında çap edilmiş məqalələrə və kitablara diqqət çəkib.
“Məhtimqulu Fəraqinin ədəbi irsi elmi tədqiqat obyekti olmaqla yanaşı, əsərləri də Azərbaycan türkcəsinə uyğunlaşdırılaraq kitab halında nəşr edilib. Hələ sovetlər dönəmində “SSRİ xalqları ədəbiyyatı” dərsliyində türkmən ədəbiyyatı bölməsində Məhtimqulu Fəraqi haqqında məlumat və qısa oçerk verilmişdi. Müstəqillik illərində həmin dərsliklərin bir hissəsi artıq “Türk xalqları ədəbiyyatı” adı ilə əvəz olundu və bu dərsliklərdə isə türkmən ədəbiyyatı, o cümlədən Məhtimqulu Fəraqi haqqında geniş və əhatəli oçerk daxil edildi. Universitet və institut tələbələri, orta məktəb şagirdləri onun ədəbi irsi və şəxsiyyəti haqqında geniş məlumata malik oldular. Magistr və doktorantura üzrə elmi işlər yazıldı. Elmlər doktorluğu və fəlsəfə doktoru üzrə dissertasiyalar yazıldı. Məsələn, Firuzə Ağayevanın “XVIII əsr türkmən şeiri (Məhtimqulu Fəraqinin yaradıcılığı əsasında)” doktorluq dissertasiyasını göstərə bilərik.
Türkmən ədəbiyyatının parlaq və ən böyük nümayəndəsi sayılan Məhtimqulu Fəraqinin şeirlərindən də hiss olunur ki, onun ədəbi coğrafiyasının üfüqləri bütövlükdə Şərq dünyasını əhatə edib. Şərq klassiklərindən Əhməd Yasəvinin, Yunus Əmrənin fəlsəfi hisslərini öz şeirlərinə hopduran Məhtimqulu ictimai ədəbi əxlaqı, milli təəssübkeşliyi ilə türkmən şeirində yeni bir epoxa açıb”, - deyə alim fikrini yekunlaşdırıb.