Azərbaycan Türkmənistanda “Neft-qaz – 2024” konfrans və sərgisində iştirak edəcək
Bakı, 21 avqust, AZƏRTAC
Oktyabrın 23-dən 25-dək Aşqabadda “Neft-qaz – 2024” (“OGT-2024”) 29-cu Beynəlxalq Konfrans və Sərgisi keçiriləcək. Tədbir “Türkmenqaz”, “Türkmenebit” dövlət konserni və Türkmənistanın Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunur.
AZƏRTAC tədbirin saytına istinadla xəbər verir ki, “Neft-qaz – 2024” Beynəlxalq Konfrans və Sərgisində iştirak etmək üçün artıq 20 ölkədən 100-dən çox nümayəndə qeydiyyatdan keçib. “OGT-2024”ün işində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də iştirak edəcək. Belə ki, konfransda SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəçi qismində çıxış etməsi nəzərdə tutulub.
Təşkilatçıların qeyd etdiyi kimi, “OGT-2024” enerji sektorunun davamlı inkişafı və ölkənin neft-qaz sənayesinə xarici investisiyaların cəlb edilməsi məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevriləcək. Konfrans regional əməkdaşlığı gücləndirməyə kömək edəcək. Eyni zamanda, investisiya imkanlarının genişləndirilməsi və karbohidrogen ehtiyatlarının inkişafının ekoloji aspektləri müzakirə ediləcək.
Tədbirin iştirakçıları arasında ADNOC, CNPC, “Petronas”, “Baker Hughes”, “TotalEnergies”, “Shell”, “ExxonMobil”, “Siemens Energy LLP”, “LUKoil”, “Qazprom”, “QazaqGaz”, “Tatneft” və digər aparıcı beynəlxalq enerji şirkətlərinin rəhbərləri var. Tədbirdə, həmçinin BMT, Avropa İqtisadi Komissiyası, ATƏT, Qlobal Qaz Mərkəzi, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı da daxil olmaqla, nüfuzlu beynəlxalq təşkilatların və maliyyə institutlarının nümayəndələri iştirak edəcəklər.